...

Prezident İlham Əliyev: Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi

Siyasət Materials 16 Mart 2021 12:19 (UTC +04:00)
Prezident İlham Əliyev: Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi

Trend-i buradan izləyin

Bakı. Trend:

Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdıqdan sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.

Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılmışdır. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti