Bakı. Trend:
Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Azərbaycanda səfərdə olan Təmas Qrupu mətbuat konfransı keçirdi. Nümayəndə heyəti Ağdam və Gəncəyə səfərləri ilə bağlı təssüratlarını media nümayəndələri ilə bölüşdülər.
Bu konfransda çıxışlar zamanı Azərbaycan haqqında səsləndirilmiş pozitiv fifkirlər, işğalçı Ermənistanın dini abidələrimizi dağıtması və talan etməsinə dair rəylər xüsusilə diqqət çəkdi. Eləcə də İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsində Azərbaycanın və Prezident İlham Əliyevin rolu ayrıca vurğulandı. Təmas Qrupu üzvləri əsasən də İslam dünyasında müşahidə olunan kataklizmlər, İraq, Liviya, Yəmən, Suriya, Fələstin və digər müsəlman ölkələrində yaşanan problemlər fonunda Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsinin nümunəvi əhəmiyyəti barədə dəyərli fikirlər səsləndirdilər.
Sözügedən konfransda bir neçə İƏT nümayəndəsinin fikirlərinə diqqət etsək, Ermənistanın Azərbaycana qarşı vandalizm siyasətinin miqyasını, eləcə də təşkilata üzv dövlətlərin ölkəmizə bəslədiyi rəğbəti bir daha görmüş olarıq;
İşğalçılar yalnız dirilərə deyil, ölülərə qarşı da vandallıqlar ediblər
İƏT-in Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi
Ahmad Kavaesa Senqendo:
- İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ məsələsində daim
Azərbaycanı dəstəkləyib. Bu dəstək təkcə Azərbaycanın İƏT-ə üzv
olması ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqedə
olmasına görədir. Azərbaycan öz ərazilərini işğaldan azad etməli
idi. Biz bundan sonra da Azərbaycana öz dəstəyimizi göstərəcəyik.
2016-cı ildə Təmas Qrupu yaradıldı. Biz indi ilk dəfə azad edilmiş
ərazilərə səfər etmək imkanı qazandıq və həmin ərazilərdə
dağıntıları gördük, binalara, məscidlərə qarşı ermənilərin
törətdiyi vandallıqların şahidi olduq. Bu, çox məyusedici, kədərli
bir mənzərədir. Eyni zamanda, məscidlərdə donuz, inək saxlanmasının
şahidi olduq, qəbiristanlıqların, məzarların dağıdılmasını gördük.
Bu onu göstərir ki, işğalçılar yalnız dirilərə deyil, ölülərə qarşı
da vandallıqlar törədiblər. Şükürlər olsun ki, həmin ərazilər
işğaldan azad edilib və inanırıq ki, o ərazilər bərpa ediləcək,
yenidən qurulacaq və insanlar öz doğma torpaqlarına
qayıdacaqlar.
“Ağdamın yer üzündən silinməsinin şahidi olduq”
İƏT daimi nümayəndəsi, Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri
Dya-Eddine Said Bamakhrama:
- İƏT 57 ölkədən ibarətdir. Biz ilk dəfə işğaldan azad edilmiş
ərazilərə getdik. Biz orada dağıntıların, Ağdamın yer üzündən
silinməsinin şahidi olduq. Gəncə şəhərində olduq. Raketlərin
Gəncəyə vurduğu dağıntıları gördük. Məqsədimiz vəziyyəti yerində
görmək, Azərbaycan hökuməti ilə müzakirələr aparmaq idi. Azərbaycan
hökumətinə dəstək göstərəcəyik ki, həmin ərazilərdə həyatı yenidən
bərpa etmək mümkün olsun. Biz üzv dövlətlərlə təmasları davam
etdirəcəyik ki, Azərbaycana müvafiq dəstək göstərə bilək, orada
məktəbləri, məscidləri bərpa edək. Biz şadıq ki, Azərbaycan öz
torpaqlarını geri qaytardı.
Pakistan daim Azərbaycanın yanında olacaq
Pakistanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) və digər
beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir
Rizvan Səid Şeyx:
- Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfəri bir təşkilat
olaraq bizim üçün də çox əhəmiyyətlidir. 30 il ərzində İƏT bu
məsələyə xüsusi diqqət yetirib və daim bunu öz gündəliyində
saxlayıb. Biz bu uğurdan qürur duyuruq. Ölkə olaraq onu deyə
bilərəm ki, Pakistan Azərbaycanı daim dəstəkləyib. Gələn il
İslamabadda İƏT ölkələrinin xarici işlər nazirlərinin görüşü
keçiriləcək və bu görüş zamanı bu regionda sülhün davamlı olması
üçün fəaliyyət planı hazırlanmalıdır. Fəaliyyət planı digər İslam
ölkələrində də münaqişələrin həlli üçün bizdə bir birlik yaradır.
Azərbaycanın əldə etdiyi nailiyyətlər İslam dünyasında digər
münaqişələrin də həllinə ümidlər verir. Pakistan daim Azərbaycanın
yanında olacaq. Biz bundan sonra da sülhün bərqərar olması üçün öz
dəstəyimizi göstərəcəyik. Zəfəriniz mübarək! Qarabağ
Azərbaycandır.
Bütün İslam dünyası Azərbaycanın yanındadır
İƏT Təmas Qrupunun nümayəndə heyətinin üzvü Mehmet Metin
Eker:
- İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana öz səmimi dəstəyini
göstərib. İslam dünyası bu məsələdə Azərbaycanın yanında yer aldı.
Qərb dünyasında Azərbaycanın qələbəsi ilə bağlı bəzi xoşagəlməz
fikirlər oldu, ancaq müsəlman dünyası Azərbaycanı dəstəklədi.
Ağdama səfər edərkən çox kədərli bir mənzərənin şahidi olduq.
Ağdamda tək bir bina salamat qalmayıb. Ermənilər təkcə insanlara
deyil, təbiətə, mədəniyyətə qarşı da düşmənçilik, vandallıq nümayiş
etdirib. Məscidləri, dini abidələri məhv etmək mədəniyyətə qarşı
vandallıqdır. Azərbaycanın bu müharibədə qələbəsi İslam dünyasının
qələbəsidir. Azərbaycanın bu qələbəsi İslam dünyasında zülmlərin
aradan qaldırılması üçün səbəb olacaq. İndi qarşıda duran əsas
məsələ Qarabağda təhlükəsizliyi tam bərpa etmək və orada həyatı
təmin etməkdir. Bütün İslam dünyası bu məsələdə də Azərbaycanın
yanında olacaq.
Azərbaycana qarşı törədilən cinayətlər beynəlxalq məhkəmələrə çıxarılmalıdır
Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) səfirinin
müavini Əbubəkir Cah:
- Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər
bizim üçün böyük bir imkan oldu. Biz kifayət qədər dağıntıların
şahidi olduq. Burada ədalətsizlik baş vermişdi və bu ədalətsizliyin
aradan qaldırılması üçün Azərbaycan mücadiləyə qalxdı və qalib
gəldi. Biz işğaldan azad edilmiş ərazilərdə hər şeyin, məscidlərin
dağıdılmasının şahidi olduq. Həmin ərazliərdə həyatı tamamilə məhv
etmək cəhdləri olub, lakin buna nail olmayıblar. Həmin ərazilərdə
yenədə ocaqlar yanacaq, o ərazilər bərpa olunacaq və insanlar öz
doğma torpaqlarına qayıdacaqlar. İƏT olaraq biz Azərbaycanla
həmrəylik nümayiş etdirməli, eyni zamanda Azərbaycana qarşı
törədilən bu cinayətlərin beynəlxalq məhkəmələrə çıxarılmasına nail
olmalıyıq. Bu digər işğalçılara da nümunə olmalıdır ki, kiminsə
ərazisini işğal edib oranı dağıtmaqla canını qurtara
bilməyəsən.
İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünü bütün dünyaya çatdırmağa nail oldu
Əfqanstanın İslam Əkəkdaşıq Təşkilatındakı daimi nümayndəsi
Şafiq Samim:
- Biz bütün yaşayış məntəqələrinin və məscidlərin
dağıdılmasının şahidi olduq. Biz Azərbaycan Prezidenti İlham
Əliyevin mövqeyini dəstəkləyirik. Bu müharibə ərəfəsində və
müharibə zamanı Prezident İlham Əliyev Azərbaycan xalqının
Ermənistan tərəfindən təcavüzə məruz qalmasını bütün dünyaya
çatdırmağa nail oldu. Biz eyni zamanda, Gəncə şəhərini ziyarət
etdik və orada dinc sakinlərin bombalanmasını gördük. Mən
Əfqanıstanda bu barədə məlumat yayılmasına, televiziyalarda
göstərilməsinə nail olmağa çalışacam.
Beləliklə, bu mətbuat konfransında bir daha şahid olduq ki, İƏT ölkələri bütün məsələrdə Azərbaycanı dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Təbii ki, bütün bunlar Azərbaycanın apardığı uğurlu və balanslı siyasətin, eləcə də regionda və dünyada qazandığı dərin nüfuzun nəticəsidir.