...

BMT Təhlükəsizlik Şurasında Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı məsələ qaldırılıb

Siyasət Materials 9 Aprel 2021 14:29 (UTC +04:00)

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında minaların zərərsizləşdirilməsi məsələlərinə həsr olunan debatlar keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycandakı vəziyyət barədə məruzə ilə virtual açıq debatlarda çıxış edib.

Diplomat öz bəyanatında qeyd edib ki, müharibənin partlama təhlükəli fəsadlara malik minalar və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətdə olan bir çox ölkələrin gündəlik həyatına öz təsirini göstərməkdə davam edir, bununla da mülki əhali, hərbçilər, sülhməramlı və humanitar heyət üçün ölümcül təhlükə yaradır.

Y.Əliyev deyib: “Biz Azərbaycanda minaəleyhinə fəaliyyətin potensialının möhkəmlənməsində Birləşmiş Millətlər Təşkilatının dəstəyini dəyərləndiririk. Azərbaycan Respublikasının 1999-cu ildə yaradılan Minatəmizləmə Agentliyi (ANAMA) BMT-nin İnkişaf Proqramının köməyilə son 20 ildə Azərbaycanda 800 mindən çox mina və digər partlama təhlükəsi olan döyüş sursatlarını zərərsizləşdirərək, 160500-dən artıq məcburi köçkünün doğma evlərinə təhlükəsiz qayıdışının təmin olunmasına yardım edib. Lakin Azərbaycan yerüstü minaların və müharibənin partlama təhlükəli fəsadlarından hələ də əziyyət çəkən münaqişədən sonrakı vəziyyətdə olan ölkələr siyahısına daxildir”.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri qeyd edib ki, Ermənistan 1991-ci ilin sonu – 1992-ci ilin əvvəllərində Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlayıb. Nəticədə Azərbaycan ərazilərinin xeyli hissəsi Ermənistan tərəfindən işğal edilib. Müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərlər, qəsəbələr və kəndlər dağıdılıb, işğal edilmiş bütün ərazilərdən 700 mindən çox azərbaycanlı çıxarılıb.

Diplomat bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən daha bir təcavüz aktına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla aparılan əks-hücum əməliyyatı nəticəsində Azərbaycanın 300-dək şəhər, qəsəbə və kəndinin yerləşdiyi təqribən 10 min kvadratkilometr ərazisi işğaldan azad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları Bəyanat Ermənistan ilə Azərbaycan arasında təxminən 30 illik silahlı münaqişəyə son qoydu və regionda möhkəm sülhün təsdiqlənməsi üçün razılaşdırılmış parametrləri müəyyən etdi. 2021-ci il yanvarın 11-də üç ölkənin liderləri daha bir birgə Bəyanat imzaladılar. Bəyanat regionda iqtisadi və nəqliyyat əlaqələri qarşısındakı maneələrin aradan qaldırılması üzrə praktik addımların icrasına istiqamətlənib.

Lakin yuxarıda adıçəkilən 10 noyabr 2020-ci il tarixli Bəyanat imzalandığı andan bəri Azərbaycanın 20 vətəndaşı, o cümlədən 14 dinc sakin həlak olub, 87 vətəndaş, o cümlədən 16 dinc sakin azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində ciddi xəsarət alıb. Münaqişənin baş verdiyi müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərinin böyük hissəsi, o cümlədən qəbiristanlıqlar, tarixi yerlər və digər mülki obyektlər belə Ermənistan tərəfindən ardıcıl surətdə və pərakəndə minalanıb.

Bəyanatda deyilir ki, Ermənistan işğaldan azad edilən ərazilərdə minalanmış sahələr barədə məlumatı təqdim etməkdən imtina edir. Bununla da insanların həyatını bilərəkdən riskə atır və işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa işlərinə, yenidənqurmaya və humanitar səylərə, həmçinin məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına mane olmağa çalışır.

Y.Əliyev vurğulayıb ki, Ermənistanın hərəkətləri beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir, onun öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək və konfrontasiya siyasətindən əl çəkmək istəmədiyini nümayiş etdirir.

Diplomat deyib: “Baş katib minaların zərərsizləşdirilməsi üzrə fəaliyyətə hərtərəfli yanaşma barədə məruzəsində vurğulayıb ki, minaəleyhinə fəaliyyət sülhün və davamlı inkişafın müjdəçisi olaraq, tərəflər arasında etimadın möhkəmləndirilməsinə mühüm praktik töhfə verir (S / 2018/623). Bugünkü iclas üçün hazırlanan konseptual qeyddə analoji olaraq göstərilir ki, xüsusilə minaəleyhinə fəaliyyət davamlı inkişaf üçün həlledici əhəmiyyət kəsb edir, sabitliyə və sülhün dəstəklənməsinə müsbət töhfə verir (S / 2021 /284). Bu sözlər bu gün həddən artıq aktualdır. Çünki bizim regionumuzdakı yeni vəziyyət yüz minlərlə məcburi köçkün üçün doğulduqları yerə təhlükəsiz qayıtmaq hüquqlarını həyata keçirməyə imkanlar açır. Müharibənin dağıdıcı nəticələrinə baxmayaraq, sülhün bərqərar olması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşayışın bərpa edilməsi, gündəlikdə duran barışıq məsələsinin irəliləməsi, iqtisadi inkişafa və əməkdaşlığa investisiya qoyulması üçün unikal imkanlar və real perspektivlər təqdim edir. Buna görə də beynəlxalq birliyin təxirəsalınmaz reaksiyası ədalətin, məsuliyyətin, yerüstü minaların və müharibənin partlama təhlükəli fəsadlarının təhdidi altında olanların həyat və hüquqlarının müdafiəsinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti