...

Prezident İlham Əliyevin bölgədə sülhün və əməkdaşlığın təmin edilməsi təşəbbüsünün alternativi yoxdur – Komitə sədri

Siyasət Materials 2 Oktyabr 2021 22:28
Prezident İlham Əliyevin bölgədə sülhün və əməkdaşlığın təmin edilməsi təşəbbüsünün alternativi yoxdur – Komitə sədri

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Uzun illərdən sonra BMT TŞ-nin 1993-cü il qətnamələrinə, BMT Nizamnaməsinə, beynəlxalq hüququn normalarına əməl edərək Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını alaraq, əks-hərbi hücum əməliyyatları həyata keçirərək 44 gün ərzində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edərək Ermənistanın işğalına son qoydu. Prezident İlham Əliyev bəyan edib ki, münaqişə artıq bitib və ölkələrimiz arasında yeni sağlam əməkdaşlıq münasibətləri yaradılmalıdır. Azərbaycan və Ermənistan qonşu dövlətlərdir və biz maraqlıyıq ki, qonşular arasında sülh, əməkdaşlıq və etimad olsun. Bölgənin təhlükəsizliyi və davamlı inkişafı bundan asılıdır. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməməli, sülhə və qarşılıqlı etimada xələləl gətirə biləcək addımlardan və çağırışlardan çəkinməlidir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına hazır olduğunu bəyan edib: "Bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və süverenliyi tanınmalı, dövlət sərhədlərini müəyyən etmək üçün sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdırılmalıdır. Bütün məsələlər qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında danışıqlar yolu ilə həll edilməlidir. Ermənistan revanşist fikirlərdən əl çəkməli, bundan sonra xalqlar arasında düşmənçilik, qısasçılıq və nifrət hissləri formalaşdırmamalıdır. Hesab edirik ki, vasitəçilik missiyasını təklif edən dövlətlər də yalnız bu istiqamətdə fəaliyyət göstərməli, sülhə, qarşılıqlı etimad və əməkdaşlığa xidmət edən konstruktiv təkliflərlə çıxış etməlidirlər.

Təəssüflər olsun ki, belə bir həssas məqamda bəzi dövlətlərin rəsmi şəxslərindən münaqişənin hələ bitmədiyini israr edən bəyanatlar eşidilir. Bu, olduqca təhlükəlidir və yenidən münaqişə yaratmağa cəhd hesab edilməlidir. Bununla bağlı Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində xüsusi olaraq vurğuladı ki, Ermənistanın baş naziri Paşinyan danışıqlara hazır olanda istənilən zaman danışmağa hazırdır: "Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir".

Ona görə də birtərəfli qaydada və ədalətsiz şəkildə Azərbaycana qarşı qarayaxmalar, onun imicinin beynəlxalq aləmdə ləkələnməsinə cəhdlər, Azərbaycana qarşı ərazi iddialarına dəstək verilməsi yaxın gələcəkdə yeni müharibənin baş verməsinə cəhd kimi qiymətləndirilməlidir. Məsələn, Avropa İttifaqının Ermənistana postmüharibə kontekstində 2.6 milyard dollar yardım ayırması qətiyyən başa düşülən deyil və qəbuledilməzdir. Cənab Prezidentin qeyd etdiyi kimi, "çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var" və bütün bunlar Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində baş vermişdir. Belə olan halda, Ermənistana böyük məbləğdə vəsaitin ayrılması dolayısı ilə beynəlxalq ictimaiyyətdə məhz onun təcavüzə məruz qaldığı, onun şəhər və kəndlərinin vəhşicəsinə dağıldığı fikrini formalaşdırmaqdır. Avropa İttifaqının bu siyasəti 800 mindən artıq azərbaycanlı keçmiş məcburi köçkünə qarşı, bütövlükdə, Azərbaycan xalqına qarşı haqsızlıq və hörmətsizlikdir".

Komitə sədri vurğulayıb ki, bu gün, müharibə bitdikdən və münaqişə öz həllini tapdıqdan sonra dünyanın, beynəlxalq ictimaiyyətin mövqeyidir ki, artıq mövcud olmayan "qurumun" statusu haqqında danışmağın yeri yoxdur:

"Yalnız irəli baxmaq, gələcəyi, birgəyaşayışı dəstəkləmək və buna xidmət edən layihələrlə çıxış etmək lazımdır. Kimlərsə yenidən vəziyyəti 1988-1994-cü illərə qaytarmağa cəhd edirlərsə, onlar azərbaycan və erməni xalqının düşmənləridir. Bu, birmənalıdır!

Ermənilər Azərbaycanının ərazisindən keçən 21 kilometr avtomobil yolundan istifadə edərək Ermənistanın bir bölgəsindən digərinə gündüz də, gecə də rahatca və təhlükəsiz öz avtomobillərində hərəkət edirlər. Ermənilər Azərbaycanın sərhədini maneəsiz keçib gedirlər və bu yolda heç bir təhlükənin olmadığını deyirlər.

Azərbaycan ərazisində - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Azərbaycan 30 ilə yaxındır ki, bu mövqeyini danışıqlar zamanı bütün səviyyələrdə bəyan edib və buna uyğun da təkliflərlə çıxış edib. Azərbaycanın bu bölgəsinin bir hissəsində əvvəllər azərbaycanlılarla bir yerdə yaşamış ermənilərin fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Təəssüf ki, bu gün bəzi dövlətlərin nümayəndələri qeyri-səmimi olaraq ermənilərin Qarabağın bir hissəsində kompakt şəkildə heç bir azərbaycanlının olmadığı yerlərdə yaşaddığını iddia edirlər. Əslində isə, zaman-zaman ermənilər həmin yerlərdə azərbaycanlıları daima sıxışdırmış və nəhayət 1988-1994-cü illərdə etnik təmizləmə həyata keçirmişlər. Məhz bu etnik təmizləmə nəticəsində 1994-cü ildən sonra "ermənilər kompakt yaşadığı ərazi" anlayışı dövriyyə gətirilmişdir.

Ona görə də qısaca desək, "status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır!".

Sülhə mane olanlar, Azərbaycanı yenidən müharibəyə sürükləmək istəyənlər bilməlidirlər ki, Azərbaycan ərazi bütövlüyünü və süverenliyini müdafiə etməyə qadir dövlətdir! Azərbaycana əzələ nümayiş etdirmək də əbəsdir! Azərbaycan dövlətinin azərbaycan xalqının hüquqlarının qarantı olan Prezidenti və Müzəffər Ordusu var! Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini şərəflə yerinə yetirməyə bir əsgər kimi hazırdır! Qarabağ Azərbaycandır!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti