...

Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır - Petr Mixalko

Siyasət Materials 6 Oktyabr 2021 14:54 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır - Petr Mixalko

Bakı. Trend:

Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Petr Mixalko bildirib:

"Bu gün Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişel və Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen tərəfindən imzalanmış və mənim Avropa İttifaqının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağımla bağlı etimadnaməni Sizə təqdim etməkdən şərəf hissi duyuram.

Son səfərlərdə, o cümlədən prezident Mişelin səfərində vurğulandığı kimi, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq.

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik. Biz, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik.

Avropa İttifaqı COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcəkdir.

Zati-aliləri, Avropa İttifaqının Azərbaycan Respublikasına səfiri kimi təyin olunmaq mənim üçün şərəfdir. Mən qarşılıqlı faydalı əməkdaşlıq və ümumi maraqlarımız naminə səylərimi əsirgəməyəcəm. Vəzifələrimin icrasında Zati-alilərinin və Azərbaycan Respublikası hökumətinin dəstəyinə güvənərək ondan faydalanacağıma əminəm və buna görə Sizə minnətdaram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti