...

44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi

Siyasət Materials 20 Oktyabr 2021 15:23 (UTC +04:00)
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi

Bakı. Trend:

Müharibələr tarixinə nəzər yetirsək, görərik ki, hər bir müharibənin taleyini həll edəcək, onun üçün açar rolunu oynayacaq bir cəbhə və bir həlledici əməliyyat olur. İkinci Qarabağ müharibəsi də bu baxımdan diqqət çəkir. 44 gün ərzində gedən döyüşlərin mənzərəsini diqqətlə seyr etsək, bu müharibədə həmin həlledici halqanın Füzuli rayonu olduğunu asanlıqla görmək mümkündür.

27 sentyabrda start götürən vətən müharibəsinin ilk başlanğıc nöqtələrindən biri məhz Füzuli rayonu idi. Elə müharibənin ilk günü - 27 sentyabrda da şanlı ordumuz Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz və Yuxarı Əbdürrəhmanlı kəndlərini işğaldan azad etdi.

Bizim üçün işğaldan azad etdiyimiz hər qarış torpaq dəyərlidir və onun uğrunda övladlarımız qanlarından və canlarından keçiblər. Ancaq Füzuli rayonunun vətən müharibəsi baxımından xüsusi önəmi var idi.

Öncə onu vurğulamaq lazımdır ki, Füzuli rayonu da digər ərazilərimiz kimi 1993-cü ildə işğala məruz qalıb. Ancaq 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə "Horadiz əməliyyatı" həyata keçirilir və rayonun əhəmiyyətli bir hissəsi və Horadiz azad edilir. Horadizdə geniş quruculuq bərpa işləri həyata keçirilir, müvəqqəti olaraq Füzuli rayonunun mərkəzi rolunu oynayır və 2007-ci ildə ona şəhər statusu verilir. Bəlkə də həm də bu səbəbdən işğalçı düşmən işğalda olan Füzuli şəhərini və onun kəndlərini yerlə yeksan edir. Eyni zamanda da ona nəfəslik rolunu oynayan İranla sərhədini bu yolla genişləndirdi. Müharibədən sonra o da bəlli oldu ki, həm bu səbəblərdən, həm də Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın mərkəzi və tacı olan Şuşaya yolu bağlamaq üçün düşmən Füzulidə çox böyük cinayətlər törədib. Azad etdiyimiz zaman bayraq sancmaq üçün bir tikili tapa bilmədiyimiz şəhərin bütün tikililəri, hətta qəbir daşları belə sökülüb satılmış, əvəzində tunellər, istehkamlar və digər müdafiə xətləri tikilmişdi. Müharibənin ilk günlərindən məlum oldu ki, düşmənin özü və ordusu haqqında formalaşdırdığı bütün miflərin qapısı Füzulidəki hərbi istehkamlar və orada siçan kimi gizlənən qanunsuz silahlılardır. Həm də güclü sərkərdə və hərb elminin mahir bilicisi olduğunu isbat edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 günə bitirdiyimiz müharibənin 20 gününü Füzuli səddini aşmağa səfərbər etdi. 27 sentyabrda ilk kəndlərini azad etdiyimiz Füzulini biz yalnız, cografi yerləşməsinə görə ondan daha qərbdə yerləşən Hadrut və Cəbrayıldan sonra, 17 oktyabr tarixində tam azad edə bildik. Bundan sonra 28 ildir bizi gözləyən və ikinci Qarabağ müharibəsinin son nöqtəsi olan, bütün Qafqazın incisi - Şuşaya yolumuz açıldı.

Füzuli rayonunu işğaldan azad etməklə biz düşmənə təkcə hərbi deyil, bir çox digər istiqamətlərdə də ölümcül zərbələr vurduq. Süni şəkildə yaradılmış erməni miflərini darmadağın etdi 20 günlük Füzuli əməliyyatı. İlk öncə oradakı ağlagəlməz müdafiə xətlərini dağıtmaqla biz düşmən ordusu barəsində yaradılmış məğlubedilməzlik mifini məhv etdik. İşğalçı düşmənin ordusuna və yalançı sərkərdələrinə deyil, məhz bu cür sədlərə güvəndiyini isbat etdik. Azərbaycan əsgəri öz torpaqlarını işğaldan azad etmək üçün heç bir maneə tanımadığını ilk olaraq Füzulidə ortaya qoydu. Otuz ilə yaxın davam edən danışıqların əslində görüntü və başaldadıcı olduğunu həmin istehkamların və müdafiə xətlərinin divarlarının qalınlığı açıq şəkildə deyirdi. Və ən əsası, işğalçı düşmənin Füzuli şəhərini yerlə yeksan edib insanlıq tarixinə verdiyi bu vəhşilik əsəri ilə özü haqqındakı quran, yaradan, bu torpaqların ən qədim sahibləri olub arxaik mədəniyyətə və tarixə sahib olması miflərini hər yerdən sildik. Dünya erməniliyinin düşüncəsinin və təfəkkürünün təkcə bizim üçün deyil, bütün bəşəriyyət və sivilizasiya üçün nə dərəcədə təhlükəli olduğu məlum oldu. Elə ilk səfərini də qələbədən bir neçə gün sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Füzuliyə edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də əsas məqsədi bu mifləri dağıtmaq idi. Bu səbəbdən də dünya ictimaiyyəti ilə yanaşı, Ermənistan cəmiyyətinə də, Ermənistanı bu illər ərzində idarə edən cinayətkar şəxslərin hansı düşüncəyə, təfəkkürə və xislətə malik olduğu çatdırıldı.

Təbii ki, artıq biz dövlət və xalq olaraq məqsədlərimizə nail olduq, düşməni diz çökdürməklə yanaşı, o günləri arxada qoyduq. İndi müharibənin və münaqişənin zamanı deyil, postmünaqişə dövründə şəhidlərimizin və qazilərimizin qanları tökülən həmin ərazilərdə qurmaq, tikmək və abidələr ucaltmaq məqamıdır. Həmin sədlərin, müdafiə xətlərinin və istehkamların üzərində bir neçə aydan sonra beynəlxalq standartlara uyğun Füzuli beynəlxalq hava limanı ucalır. Cəsur qəhrəmanlarımızın müqəddəs qanları ilə suladıqları yol boyunca möhtəşəm Zəfər yolu uzanır. İşğaldan azad etdiyimiz bütün ərazilərdə olduğu kimi, Füzulidə də genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, həyat dirçəldilir. Azərbaycan bu illər ərzində təkcə ordu quruculuğu ilə deyil, həm də iqtisadiyyatını inkişaf etdirməklə məşğul olub. Məhz bunun nəticəsidir ki, düşmənin illər ərzində işğal etdiyi əraziləri cəmi 44 gün ərzində azad etdikdən heç 44 gün keçməmiş o ərazilərdə kütləvi şəkildə tikinti və reinteqrasiya işlərinə başlayıb. Bu prosesdə bizə nə pandemiya, nə onun nəticəsində bütün dünyadakı iqtisadi geriləmə və nə də ki, yenicə amansız müharibədən çıxmaq amili mane ola bilmədi. Azərbaycan sübut etdi ki, düzgün siyasət, uğurlu diplomatiya və haqlı mövqe bir xalqa və dövlətə inanılmazları reallaşdırmaq imkanı verir.

Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti