Bakı. Humay Ağacanova –Trend:
Dünyada iqlim dəyişiklikləri ilə bağlı qaçqın və miqrantların sayı çoxalıb və daha da çoxalacaq.
Trend-in məlumatına görə, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən üçüncü panel iclasında “Yeni erada sülh, təhlükəsizlik və insan haqları” mövzusunda müzakirələrdə çıxış edən Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç deyib.
Onun sözlərinə görə, hazırkı dövrdə biz insan cinayətlərinin, insanların münaqişəyə sövq edilməsinin qarşısını almalıyıq və bütün bunların səbəblərini araşdırmalıyıq: "İnteqrasiya yalnız sosial yardımla təcəssüm etmir, eyni zamanda o insanları işə əlçatan etməliyik. Miqrant yaşadığı ölkəyə töhfə verməli, faydalı vətəndaşa çevrilməlidir. Elə etməliyik ki, onlar özlərini cəmiyyətin bir parçası kimi hiss etsinlər".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir