...

Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov

Siyasət Materials 27 Noyabr 2021 15:55 (UTC +04:00)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov

Bakı. Trend:

44 günlük Vətən müharibəsi bölgədə vəziyyəti dəyişib, yeni reallıqlar formalaşdırıb. Azərbaycan, BMT TŞ-nin müvafiq qətnamələri əsasında ərazi bütövlüyünü təmin edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarında yaşamaq hüququ bərpa edilib. Davamlı sülhə, inkişafa və tərəqqiyə nail olmaq Azərbaycanın gələcəyə baxışının əsasını təşkil edir. Bu mərhələdə üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi çox vacibdir. Azərbaycanın bu istiqamətdə atdığı addımların qarşılığını Ermənistandan gözləyirik.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib.

"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edildiyi kimi, kommunikasiyaların yenidən canlandırılması, bölgədə dəmir yolu və avtomobil yollarının açılması regionumuzda davamlı sülh və sabitliyə yol açacaq, Ermənistan və Azərbaycan vasitəsilə ticarət və nəqliyyatı, həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə əhəmiyyətli dərəcədə artıracaq. Bu mənada ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir. O, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində daha yaxşı əlaqəni artırmaq üçün potensiala malikdir", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti