Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün, dekabrın 10-da Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsi münasibətilə keçirilən Zəfər Paradından bir il ötür. Azərbaycan tarixinə qızıl hərflərlə düşən bu parad Vətən müharibəsində şanlı qələbənin təntənəsi idi.
Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə bildirib ki, ötən il dekabrın 10-da Azərbaycan tarixində ilk dəfə olaraq Azadlıq meydanında Zəfər paradı baş tutdu. O qeyd edib ki, bu parad Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin təntənəsi idi.
“Vətən müharibəsində başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Azərbaycanın qəhrəman Ordusu 44 gün ərzində hər gün irəli gedirdi, yeni şəhərlər, qəsəbələr, kəndlər, yüksəkliklər azad edirdi. Azərbaycan əsgərləri və zabitləri bu günlər ərzində bir amalla, işğala son qoymaq və tarixi ədaləti bərpa etmək amalı ilə vuruşurdu. Bu müharibə nəticəsində Azərbaycan ordusunun gücü ilə beynəlxalq hüquq bərpa olundu və Qafqazda uzun müddət davam edən bir münaqişəyə son qoyuldu və bununla da Azərbaycan xalqının 30 illk torpaq həsrəti başa çatdı, insanlarımız öz doğma torpaqlarına qovuşmaq imkanı əldə etdilər. Bu savaş Azərbaycan xalqına indiyə qədər görünməmiş bir sevinc, qələbə hissini yaşatdı. Azərbaycan bu savaşdan qalib, Ermənistan isə acı məğlubiyyətlə çıxdı. Dünya bir daha Azərbaycan ordusunun gücünü, xalqın birliyini gördü”, - deyə deputat bildirib.
S.Hüseynova vurğulayıb ki, son 200 ildə ilk dəfə idi ki, Azərbaycan xalqı ona məxsus olan torpaqları işğaldan azad edib geri qaytarırdı:
“Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu qələbə münasibətilə dekabrın 10-da Zəfər paradı keçirildi. Azadlıq meydanında bir çox paradlar kieçirilmişdi. Ancaq 10 dekabrda keçirilən Zəfər paradı tam başqa idi, bu, tarixi bir hadisə idi. Paradın bir möhtəşəmliyi də ondan ibarət idi ki, Zəfər paradında qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyənin əsgər və zabitlər də iştirak edirdi. Düşmənin darmadağın edilən ordusundan ələ keçirilən hərbi qənimətlərin də nümayiş etdirildiyi paradda Azərbaycanın hərbi qüdrəti nümayiş olundu” - deyə deputat vurğulayıb.
XXXXXXXX
Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə açıqlamasında bildirib ki, sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı hərbi əməliyyatlar sonda torpaqlarımızın azad olunması və düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
“Heç şübhəsiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin əsas qəhrəmanı cənab Ali Baş Komandan İlham Əliyevdir. Məhz cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazdı”, - deyə V.İskəndərov bildirib.
Deputat qeyd edib ki, bu gün həmin tarixdən bir ay sonra Bakıda keçirilən Zəfər paradının bir ili tamam olur.
“Bir il öncə, dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı bir çox məqamları ilə tarixi əhəmiyyət kəsb edirid. Əvvəla bu parad Azərbaycanın müzəffər Ali Baş Komandanı, rəşadətli Ordusu və vətənpərvər xalqı ilə qazandığı qələbənin nəticəcini bir daha dünyaya nümayiş etdirdi. İkincisi dünya birliyi Azərbaycan Silahlı Qüvvələrinin canlı və texniki təchizat baxımından hansı gücə malik olduğunu gördü. Üçüncüsü hərbi paradda düşməndən hərbi qənimətlər kimi götürülən hərbi texnika da nümayiş etdirildi ki, bu da Ermənistana hansı miqyasda zərbə vurulduğuna dair rəyin formalaşdırılmasına imkan verdi.
Nəhayət, hərbi parad zamanı Azərbaycan və Türkiyə prezidentlərin tribunada birlikdə dayanaraq bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu nümayiş etdirdilər”, - deyə deputat vurğulayıb.
V.İskəndərov bildirib ki, ümumiyyətlə 44 günlük Vətən müharibəsi bir sıra məqamları ilə yadda qaldı.
“Əvvəla bütün dünya bir daha Azərbaycanın gücünü gördü, ölkəmizdəki Prezident-Ordu-Xalq birliyinin şahidi oldu. Eyni zamanda həm düşmənlərimiz, həm də onların havadarları Azərbaycanın qüdrətli, yenilməz orduya sahib olduğunu gördü.
44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri ordu sıralarında olan gənclərimizin Vətən sevgisi ilə bağlı idi. Cənab Prezidentin bu günlərdə Şuşaya səfəri zamanı bəyan etdiyi kimi Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”, - deyə deputat bildirib.