...

Ukrayna ilə yeni sazişlər: Bu, Azərbaycan iqtisadiyyatına nə verəcək? - TƏHLİL

Siyasət 15 Yanvar 2022 11:00 (UTC +04:00)
Ukrayna ilə yeni sazişlər: Bu, Azərbaycan iqtisadiyyatına nə verəcək? - TƏHLİL

Bakı. Ləman Zeynalova - Trend:

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri baş tutub. Səfər çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli münasibətlərin inkişafında yeni səhifələr açan vacib sənədlər imzalanıb.

Ümumilikdə, tərəflər beş sənəd və prezidentlərin birgə bəyannaməsini imzalayıb.

Bu sənədlərə “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” saziş, “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” anlaşma memorandumu, “Aqrar sahədə əməkdaşlıq haqqında” anlaşma memorandumu, "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında “Energetika sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumu, “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumu daxildir.

Bu sazişlərdən Azərbaycan iqtisadiyyatının hansı faydalar əldə edəcəyi barədə ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenko Trend-ə danışıb.

Onun sözlərinə görə, qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş iki ölkə arasında qida məhsullarının ixracı və idxalı üçün bürokratik əngəlləri aşmağa imkan verəcək.

“İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında anlaşma memorandumu isə ukraynalı və azərbaycanlı iş adamları arasında əmtəə mübahisələrini daha tez və səmərəli həll etməyə imkan yaradacaq. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasını nəzərə alsaq, bu, çox vacibdir. Aqrar sahədə əməkdaşlıq haqqında anlaşma memorandumu da çox vacib sənəddir. Belə ki, Ukrayna bu gün aqrar sektora investisiyaların cəlb olunmasında maraqlıdır. Azərbaycan isə bu cür investor ola bilər və Ukraynaya kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin həllində kömək edə bilər. Ukraynada torpaq bazarının işə düşməsindən sonra investorlar qarşısında böyük imkanlar açılır və burada dövlət dəstəyi, bu münasibətlərin inkişafının təminatı lazımdır”, - deyə ekspert bildirib.

Energetika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumuna gəldikdə isə A.Oxrimenko vurğulayıb ki, Azərbaycan neftlə zəngin ölkədir, Ukraynada isə neft emalı zavodları mövcuddur və onun üçün Azərbaycan neftini emal etmək sərfəlidir.

“Bu, neft məhsullarının bir hissəsini Ukraynada, bir hissəsini isə Avropa İttifaqında satmağa imkan verir. Ukrayna ilə Azərbaycan arasında neft biznesində əməkdaşlığı genişləndirmək lazımdır, çünki bu, perspektivli və səmərəlidir”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Qeyd olunan sazişlər faktiki olaraq Azərbaycanla Ukrayna arasında müxtəlif istiqamətlərdə qarşılıqlı münasibətlərin inkişafında yeni səhifə açır. Prezident İlham Əliyevin səfəri çərçivəsində əldə olunmuş razılaşmaların reallaşdırılması iki ölkənin iqtisadiyyatının daha sürətli inkişafına yol açacaq və böyük dividendlər gətirəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti