Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda dayanma, durma və parklanma qaydalarının pozulmasına görə cərimələrən artırılmasını özündə əks etdirən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Trend-in məlumatına görə, bununla bağlı qərar parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.
İclasda nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması ilə bağlı layihələr müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.