...

Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb

Siyasət Materials 28 Yanvar 2022 12:23 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb

Bakı. Trend:

Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanların yaranıb

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ilə əvvəllər keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdiyini, təşkilatın dəyərli tövsiyə və məsləhətlərinin ölkəmizdə bu sektorun inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev ölkəmizin əlverişli coğrafi mövqeyi, infrastruktura yatırılmış investisiyalar, qonşu dövlətlərlə qurulmuş əlaqələr sayəsində Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrildiyini bildirdi və regional bağlantıların əməkdaşlıq üçün əlverişli mühit yaratdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı regional əməkdaşlıq məsələlərinə toxunaraq, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın keçən il əsas tərəfdaş dövlətlərlə ticarət dövriyyəsinin artmasının ölkə iqtisadiyyatının bərpasının və inkişafının göstəricisi olduğunu bildirdi. Azərbaycan Prezidenti keçən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunun 7 faiz, qeyri-neft sənaye sektorunun isə 20 faiz artmasının aparılmış islahatların nəticəsi olduğunu qeyd etdi. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti