...

İtaliya Senatında Xocalı faciəsinin tanınması ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

Siyasət Materials 2 Mart 2022 16:45 (UTC +04:00)
İtaliya Senatında Xocalı faciəsinin tanınması ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımı qurbanlarının anılmasının 30-cu ildönümü çərçivəsində 1 mart 2022-ci il tarixində İtaliya Senatının mətbuat konfransı zalında “Tanınma yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” mövzusunda konfrans keçirilib. İtaliya parlamentinin üzvləri, insan haqları təşkilatlarının, akademik və media çevrələrinin nümayəndələrinin iştirak etdiyi tədbir İtaliya Senatının “İrəli, İtaliya” partiyasından olan üzvü, İtaliyanın Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin vitse-prezidenti, senator Urania Papatheunun təşəbbüsü ilə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsi ilə birgə təşkil olunub.

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzindən Trend-ə bildirilib ki, konfrans iştirakçılarını salamlayan senator Urania Papatheu ilk söz İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldiyə verib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərini və şahidi olduğu dağıntıları xatırladan deputat R.Boldi müharibənin artıq arxada qaldığını, sülh və dialoq vaxtının gəldiyini və hazırkı tədbirin bu prosesə böyük töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra təşəbbüs barədə məlumat verən senator Urania Papatheu Xocalıda baş vermiş hadisələri xatırladaraq, orada törədilmiş vəhşiliklərin İtaliyada da soyqırımı cinayəti kimi tanınmalı olduğunu qeyd edib və tədbir iştirakçılarını Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Konfransda çıxış edən İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo Xocalı hadisəsinin beynəlxalq hüquqa, o cümlədən Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq soyqırım cinayəti kimi tövsif edildiyini ifadə edib.

A.Stanqo 2020-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsinə baxmayaraq Xocalıya ədalətin hələ tam bərpa olunmadığı, həm Azərbaycan, həm də Ermənistan liderlərinin “yeni səhifə açmaq” və “regionda sülh erası”na başlamaq niyyətlərini bəyan etdiklərini nəzərə alaraq, hazırkı tədbirin məqsədinin tanınma, dialoq və barışıq yolu ilə insanlara Xocalı faciəsinin kölgəsini aradan qaldırmağa kömək etmək üçün güclü beynəlxalq vasitəçiliyi araşdırmaq olduğunu qeyd edib. Bununla bağlı, professor A.Stanqo 23 fevral 2022-ci il tarixində ATƏT-in Vyanadakı baş qərargahında keçirilmiş iclasda elan olunmuş Soyqırımı və kütləvi vəhşiliklərin qarşısının alınması üzrə Budapeşt Mərkəzinin “Barışıq üçün tanı” təşəbbüsünü alqışladığını bildirib və bu təşəbbüs barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Konfransda daha sonra Avropa Müsəlmanlarının Sosial Birlik Təşəbbüsünün Baş katibi, Danimarka İnsan Haqları İnstitutu şurasının üzvü Başi Qureyşi, Vicdan azadlığı Uğrunda Dərnəklərin və Fərdlərin Koordinasiyasının prezidenti Thierry Valle (Belçika) və Bursa Uludağ Universiteti rektorunun müşaviri, Universitetin beynəlxalq akademik münasibətlər üzrə əlaqələndiricisi, ATƏT-in keçmiş şəxsi nümayəndəsi, din və geosiyasət üzrə professor Bülent Şenay (Türkiyə) çıxış edib.

Konfransda, həmçinin vurğulanıb ki, Avropanın və dünyanın üzləşdiyi misli görünməmiş çağırışlar dövründə vətəndaş cəmiyyəti üzvlərinin bu cür təşəbbüsləri planetin münaqişə təhlükəsinin, xüsusilə, münaqişədən sülhə keçilməsi imkanlarının olduğu yerlərdə azaldılması üçün son dərəcə əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti