Bakı. Trend:
Bayden Administrasiyası ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırıb. Bu, 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır. Bayden Adminstrasiyasının 2023-cü il üçün Ermənistana 24 milyon ABŞ dolları ayrılması ilə bağlı Konqresə çağırış etməsinin çoxsaylı səbəbləri var. Əsas səbəb Ermənistanın dünyada baş verən hadisələrin fonunda öz antihumanist mahiyyətinin daha qabarıq olması, bunun Cənubi Qafqaz, postsovet məkanı və bütövlükdə dünya üçün həyati əhəmiyyət kəsb edən sülh və təhlükəsizlik məsələlərinə heç bir töhfə verməməsi, müstəqil hüququn subyekti kimi deyil, forpost kimi davranmasıdır.
Bunu Trend-in sualına cavabında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, başqa bir səbəb Amerika Erməniləri Milli Komitəsi (ANCA) də daxil olmaqla, erməni diaspor təşkilatlarının artıq geosiyasi təzyiq aləti kimi öz əhəmiyyətini itirməsidir. Görünən reallıq da Bayden Administrasiyasının bu qərarının heç bir təsir gücünə malik olmadığını sübuta yetirib. Nəticə etibarilə erməni təşkilatlarını istifadə alətinə çevirən və onları ümumi maraqlar ətrafında birləşdirən əsas amil də sıradan çıxıb.
"Digər önəmli, həlledici səbəb isə Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra ortalığa çıxan reallıqlar, həm Azərbaycanın, həm də Türkiyənin regionda və dünyada baş verən proseslərdə tənzimləyici rola malik olmaları, qlobal məsuliyyətlərini dərk edən ölkələr kimi davranmaları, öz öhdəliklərinə sadiq qalmaları və şübhəsiz ki, Ermənistandan fərqli olaraq, sülhə, təhlükəzliyiə töhfə vermələridir. Azərbaycanın bölgədə davamlı sülhün əldə olunması üçün atdığı addımlar, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində rəsmi Ankaranın nümayiş etdirdiyi humanist mövqe də Vaşinqtonun İrəvana münasibətdə daha soyuq davranmasına zəmin yarada bilər. Bununla yanaşı, Ermənistanda açılan çoxsaylı cinayət işlərindən də bəlli olduğu kimi, bu ölkəyə uzun illər boyu ABŞ və digər ölkələr tərəfindən ayrılan yardımlar mənimsənilib və ANCA kimi təşkilatlar da bu məsələlərdə Ermənistana uzun illər rəhbərlik etmiş müharibə cinayətkarları ilə əlbir olublar.
ANCA-nın Ağ Evə və Konqresə “2020-ci ildə regiondan qaçan 100 mindən çox erməninin məskunlaşmasına” kömək məqsədilə Qarabağ ermənilərinə 50 milyon dollar yardım ayırmasını istəməsi də ortalıqda mənimsəmə niyyətinin olduğunu sübuta yetirir. Çünki ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, uzun illər boyu artıq başa çatmış münaqişənin tənzimlənməsi ilə məşğul olub və Vaşintonda hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazisində nə qədər etnik erməninin yaşadığını yaxşı bilirlər. Eyni zamanda, Ermənistana köçən ermənilərin sayı da Birləşmiş Ştatlara yaxşı bəllidir. Görünür, artıq Vaşinqton da ermənilərin saxta göz yaşlarına inanmır", - deyə ekspert qeyd edib.