Bakı. Trend:
Qarabağın hazırda tərəfimizdən yenidənqurma işlərinin aparıldığı hissəsində qaz xətlərinin inşası planımızdadır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Qarabağa neft və qazın nəqlinə hələ başlanılmayıb. Əlbəttə, Qarabağın hazırda tərəfimizdən yenidənqurma işlərinin aparıldığı hissəsində qaz xətlərinin inşası planımızdadır. Biz elektrik stansiyalarını inşa edirik. Həcm o qədər də böyük olmasa da, 20 meqavatlıq yeni stansiya ötən il inşa edilib və bu il daha bir 25 meqavatlıq stansiya istifadəyə veriləcəkdir. Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda həmin elektrik xətləri ilin altı ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salınmalı olub. Yəni, elektrik enerjisi təminatı var. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə gəldikdə, biz oraya enerji nəql etmirik. Lakin Ermənistandan Xankəndiyə gedən qaz xətti bizim nəzarətimizdə olan ərazidən keçir. Bu yaxınlarda orada qəza baş vermişdi və bir neçə gün ərzində qazın nəqlində fasilə yaranmışdır.
Təəssüflər ki, bizi dərhal orada humanitar fəlakətə səbəb olmaqda ittiham etdilər. Bu, bir daha ikili standartlardır, çünki Birinci Qarabağ müharibəsi başlayanda ermənilər Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən qaz xəttini kəsdilər və 15 il ərzində o zaman 400 min əhalisi olan Naxçıvan təbii qazsız yaşamalı oldu. Orada qış sərt olur, temperatur mənfi 30 dərəcədən aşağı düşür və heç kəs Ermənistanı Naxçıvanda humanitar fəlakətə səbəb olmaqda ittiham etmədi. Yalnız 2005-ci ildə biz İranla razılığa gələrək oraya qaz kəməri inşa etdik və bu gün Naxçıvan 100 faiz qazla təmin edilir. Biz isə nə etdik? Biz Ermənistandan Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə gedən kəməri təmir etdik və qazın nəqli bərpa olundu.
Mən bilmirəm gələcəkdə necə olacaq? Bizim enerji ehtiyatımızdan istifadəyə ehtiyac yaranarsa, bu, daha rahat ola bilər. Çünki Ağdamdan Xankəndiyə qazın nəqli daha ucuz başa gələr, nəinki həmin qazın Rusiyadan Gürcüstana, oradan Ermənistana və daha sonra isə Azərbaycana, Xankəndiyə nəqli. Yəni, belə bir müraciət olsa, biz onu nəzərdən keçirərik.
Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli Zirvə Görüşünə gəldikdə, bəli, belə bir plan var idi, ancaq hələ ki, tarixlər müəyyən edilməyib və biz tərəfdaşlarımızdan məlumat gözləyirik. Görüşün təşəbbüskarı Türkmənistan idi, zirvə görüşü orada baş tutacaq və biz tarixlərin təqdim olunmasını gözləyirik".