Bakı. Trend:
Azərbaycan Çinlə münasibətlərini strateji vacib hesab edir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"İlk növbədə, Çin ilə münasibətlər barədə. Bildirmək istərdim ki, biz bu münasibətləri strateji əhəmiyyətə malik hesab edirik. Mən çox şadam ki, bu münasibətlər çox uğurla inkişaf edir. Prezident Si Cinpin ilə mənim çoxsaylı görüşlərim zamanı biz ikitərəfli gündəliyi, eləcə də regional məsələləri geniş müzakirə etdik. Bizim münasibətləri təsvir etmək üçün cənab Si Cinpinə istinad etmək kifayətdir ki, o, məni “Çinin böyük dostu” adlandırmışdır. Mən düşünürəm ki, bu bütün suallara yaxşı cavabdır. Eyni zamanda, o, Azərbaycanın çox yaxşı dostudur. Biz həmişə təmasdayıq. Mən az sayda dünya liderləri sırasında idim ki, 2019-cu ildə “Bir kəmər - bir yol” konfransına dəvət olunmuşdum. Bunu da siz Azərbaycana xüsusi diqqət, xüsusi əhəmiyyət verilməsi işarəsi kimi hesab edin.
Biz Xəzər dənizi, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çindən karqo qəbul etməyə başlamağa hazır idik. Lakin çox böyük həcmlərlə deyil. Biz aydın başa düşürdük ki, Çinin müxtəlif mənbələr vasitəsilə şaxələndirilmiş təchizat yolları vardır. Biz öz yolumuzu daha da cəlbedici etməyə çalışırdıq. Lakin bu yaxınlarda biz Çin şirkətlərindən bir neçə mesajlar aldıq ki, onlar karqo daşımalarını “Orta dəhliz” vasitəsilə ciddi şəkildə artırmaq istəyirlər. Bu dəhliz Çindən Azərbaycan, Xəzər dənizi və Gürcüstandan keçməklə ya Gürcüstanın dəniz limanlarına, ya da Türkiyənin Qars şəhərinə daşımanı nəzərdə tutur. Bu, bizim üçün yeni imkandır. Bizim nəqliyyat infrastrukturumuz tamamilə yenidir. Bu, tamamilə yeni dəniz limanı, Xəzəryanı dövlətlər arasında ən böyük Xəzər donanması, dəmir yoludur. Əlbəttə ki, əgər karqoda dramatik artım haqqında düşünürüksə, biz, həmçinin nəqliyyatda yükdaşıma potensialımızın genişləndirilməsinə də sərmayə qoymalıyıq. Çünki bizim bütün layihələrimiz mövcud karqo həcmlərinə və yavaş artan karqo həcmlərinə əsaslanır. Lakin bu gün biz karqonun dramatik artırılmasına tələb müşahidə edirik. Buna görə, aidiyyəti dövlət qurumlarımıza təlimat verilmişdir ki, mənə hesabat versinlər, nə edə bilərik, dəniz ticarətimizin həcmini necə artıra bilərik, hansı ki, 15 milyon tondur. Biz onu qısa müddət ərzində 25 milyon tona qədər artıra bilərik. Əlbəttə ki, bütün bu daşımaları Azərbaycan vasitəsilə həyata keçirmək üçün bizim gəmiqayırma zavodumuzda yeni bərə gəmilərinin və tankerlərin tikintisi də vacibdir. Başqa sözlə, bu yeni imkanlar ilə tamamilə yeni vəziyyətdir. Lakin biz əməkdaşlığımızı yalnız tranzit və daşımalar sahəsində görmürük, daha geniş şəkildə, çox yaxşı siyasi əməkdaşlığa malik olaraq biz Çin şirkətlərini burada investorlar kimi görmək istərdik. Biz indi “azad zonalar”ın yaradılması prosesindəyik. “Ələt azad zonası” hansı ki, ümid edirəm ilk rezidentlərini gələn il qəbul edəcəkdir. O, həm də çox yaxşı yerdə yerləşir, dəniz limanının yanında, geniş ərazi, oradakı qaydalar beynəlxalq şirkətlər üçün çox cəlbedicidir. Beləliklə, biz münasibətlərimizdə böyük potensial görürük. Biz onları inkişaf etdirmək üçün hər şeyi edəcəyik".