...

Ermənistanda müəyyən qüvvələr, ABŞ-dakı erməni lobbisi sülh sazişinə əngəl törədir - Elşad Həsənov

Siyasət Materials 21 May 2022 12:57 (UTC +04:00)
Ermənistanda müəyyən qüvvələr, ABŞ-dakı erməni lobbisi sülh sazişinə əngəl törədir - Elşad Həsənov

Bakı. Trend:

“Azərbaycan Ermənistanın Dağlıq Qarabağın gələcək statusu və təhlükəsizliyi ilə bağlı təklifini, hələ ki, qəbul etməyib”. Bunu Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin “bağlandığını” demək hələ tezdir: “Biz sülh prosesinə dair baxışımızı bildirmişik. Biz bildirmişik ki, Azərbaycanın bizə verdiyi təkliflərdə bizim üçün qeyri-məqbul sayılacaq heç nə yoxdur. Bununla belə, bu təkliflər gözlənilən sülh müqaviləsinin gündəliyi üçün heç də bütün məsələləri əhatə etmir. Bizim üçün əsas məsələ Qarabağ ermənilərinin təhlükəsizliyi və müvafiq olaraq Qarabağın statusu məsələsidir”.

Mirzoyan bildirib ki, İrəvan müzakirələrin davam etdirilməsinə tərəfdardır: “Biz bunu da hesab edirik ki, sülh müqaviləsi üzrə danışıqların ATƏT-in Minsk Qrupunun, həmsədrlərin mandatı çərçivəsində aparılması mühümdür. Biz hələ ki, bu təkliflərə Azərbaycandan müsbət cavab almamışıq. Amma bütün səylər göstərilir ki, bu danışıqlar mümkün olsun”.

Daha sonra onu da əlavə edib ki, İrəvan Bakı ilə münasibətlərin normallaşdırılmasına tərəfdardır, lakin bunun üçün həm də qarşı tərəfin razılığı lazımdır.

Görünən odur ki, Ermənistan XİN-i sülh müqaviləsi üçün tam əks gündəlik ortaya qoymaqla, danışıqlar prosesini pozur. Bu isə proseslərin uzanacağından xəbər verir.

“Mirzoyanın Minsk Qrupu ilə bağlı çağırışları tamamilə absurd bir təklifdir və Azərbaycan buna getməyəcək”

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, Ermənistanda müəyyən qüvvələr, o cümlədən revanşist və ultramillətçi dairələr, ABŞ-dakı erməni lobbisi sülh müqaviləsinin imzalanmasına əngəl törədir: “Çünki Ermənistan məğlub tərəf olduğu üçün onlara bu sərf etmir. Ancaq beynəlxalq müqavilələr var və onları gözardı etmək olmaz. Sülh sazişinin imzalanmasınına Rusiya, Avropa İttifaqı, ABŞ tərəfdarıdır. Mayın 2-də Mirzoyanı qəbul edən ABŞ dövlət katibi Entoni Blinken dedi ki, Birləşmiş Ştatlar tərəflər arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. O cümlədən qeyd etdi ki, prosesə dəstək verəcəklər. Eyni zamanda Blinken mayın 11-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı analoji mövqeyini ortaya qoydu. Başqa bir tərəfdən, Rusiya prezidenti Vladimir Putin Paşinyanla görüşündə sülh sazişinə tərəfdar olduğunu dedi. Sadəcə olaraq, 19 apreldə Rusiya ilə Ermənistan arasında imzalanan birgə bəyanatda Dağlıq Qarabağın statusu və sülh müqaviləsi bağlanarkən ATƏT-un təcrübəsindən istifadə haqda məqamın olması Azərbaycanda qıcıq doğurdu. Çünki “Dağlıq Qarabağ” deyilən bölgə yoxdur, Qarabağ var. Digər tərəfdən ATƏT-in Minsk Qrupu 28 il ərzində özünü doğrultmadı. Minsk Qrupunun hansı müsbət təcrübəsi oldu ki, biz ona istinad edək? Bunlar boş şeylərdir. Üstəlik, Ukrayna hadisələri fonunda Minsk Qrupundan danışmaq tamamilə yersizdir. Çünki ATƏT üzvləri Rusiyaya qarşı mövqedədilər. Üstəlik, həmsədrlər MQ-dəki nümayəndələrin statusunu dəyişiblər. O üzdən, Mirzoyanın MQ ilə bağlı çağırışları tamamilə absurd bir təklifdir və Azərbaycana buna getməyəcək. Biz təklif etdiyimiz və Ermənistanın da qəbul etdiyi 5 əsas prinsip üzrə danışıqların aparılmasının tərəfdarıyıq. Çünki Azərbaycanın təklifləri beynəlxalq hüququn əsas prinsipləridir. Üstəlik, BMT nizamnaməsinə uyğundur. Ancaq Ermənistan müxtəlif vasitələrlə praktiki müstəvidə işlərin aparılmasını yubadır. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaratsa da, Ermənistan bunu uzadır. Mayın 7-də görüş olmalı idi, amma Ermənistanın günahı üzündən bu baş vermədi. Üstəlik, Kəlbəcər istiqamətində provokasiyalar davam edir”.

Siyasi ekspertin fikrincə, bütün bunlar onu göstərir ki, Ermənistanda vahid güclü hakimiyyət yoxdur və bu səbəbdən sülhü istəməyən qüvvələr prosesə əngəllər törədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti