...

Prezident İlham Əliyev: 30 ildir Azərbaycan xalqı azad yaşayır və müstəqillik yolu ilə inamla gedir

Siyasət Materials 28 May 2022 15:29 (UTC +04:00)
Prezident İlham Əliyev: 30 ildir Azərbaycan xalqı azad yaşayır və müstəqillik yolu ilə inamla gedir

Bakı. Trend:

Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 28-də "Teknofest" festivalında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizedə əziz qardaşımla bərabər idik, iki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti