...

Milli Qurtuluş Günü ölkəmizin parçalanma təhlükəsindən xilas olduğu bir gündür - Deputat

Siyasət Materials 11 İyun 2022 13:27 (UTC +04:00)

Bakı. Trend:

1993-cü ilin 15 iyun tarixi Milli Qurtuluş Günü - hər bir azərbaycanlının iftixarla xatırlayacağı, ölkəmizin parçalanma, yox olma təhlükəsindən xilas olduğu bir gündür. Bu gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi.

“1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdi:

“Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç də istədiyimiz nəticəni vermirdi. Müstəqilliyimizin elə ilk illərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarla üz-üzə dayandı. O vaxtki hakimiyyətin siyasi səriştəsizliyi, idarəetmə bacarığının olmaması ölkəmizdə dərin siyasi və iqtisadi böhranın yaranmasına səbəb olmuşdu və ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaranmışdı”

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da çətinləşdirirdi. Hakimiyyətin başı isə daxili siyasi çəkişmələrə, vəzifə uğrunda mübarizəyə, dövlət əmlakının mənimsənilməsinə qarışmışdı və bu acınacaqlı vəziyyət ölkəmizi hər gün biraz daha uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar bəzi siyasi “lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda mübarizəyə cəlb olunmşdu.

Siyasi böhranla yanaşı ölkədə hökm sürən iqtisadi tənəzzül, ərzaq qıtlığı insanların sosial durumunu olduqca çətin vəziyyətə salmışdı və bütün bunlar xalqın bu gündən sabaha ümidini, inamını qırmışdı”, - deyə A.Həsənova bildirib.

A.Həsənova bildirib ki, məhz belə bir vaxtda xalq çətin vəziyyətdən çıxış yolunu Vətənini, xalqını sevən Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü.

“Xalqımız çox yaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə malik bir rəhbər çıxara bilər. Ulu öndər xalqın səsinə səs verdi və bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu.

Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu.

“Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla yanaşı müstəilliyimizin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Heydər Əliyev tərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, bütün sahələrdə olduğu kimi müstəqil Azərbaycanın iqtisadi inkişafı üçün mühüm işlər görülməyə başlanıldı:

“Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə, o cümlədən ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.

Bütün qeyd olunanlar ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlərin çox cüzi bir hissəsidir. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq”, - deyə A.Həsənova əlavə edib.

O vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeləri xeyli möhkəmlənib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, qalib bir dövlətdir və yeni zirvələrə doğru irəliləməkdədir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti