...

1993-cü ilədək təhlükəsizliyin bütün istiqamətləri üzrə təhdidlər vardı - Ramil Usubov

Siyasət Materials 14 İyun 2022 09:25 (UTC +04:00)
1993-cü ilədək təhlükəsizliyin bütün istiqamətləri üzrə təhdidlər vardı - Ramil Usubov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xaosdan, başıpozuqluqdan sabitliyə, siyasi və iqtisadi böhrandan inkişafa, gerçək müstəqilliyə doğru keçidin başlanğıcı olan Qurtuluş günü Heydər Əliyev-Xalq vəhdətinin, birliyinin təcəssümü idi. İndi tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da məhz Qurtuluş missiyasının parlaq nəticəsidir.

Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycanın Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov deyib. O bildirib ki, Ulu Öndərin Qurtuluş missiyasının məntiqi davamı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəlik bacarığı sayəsində əldə olunan böyük Zəfərdir.

"Qurtuluşdan Zəfərə doğru xalqımız, Silahlı Qüvvələrimiz Heydər Əliyev irsinə sədaqətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında çətin, məsuliyyətli və şərəfli yolla irəlilədi, ikiəsrlik münaqişəyə, 30 illik işğala son qoydu, Ulu Öndərın tarixi vəsiyyətini ləyaqətlə icra etdi.

Qurtuluş məhz milli təhlükəsizlik sisteminin tam miqyasda formalaşmadığından tarixi zərurət kimi meydana çıxdı. 1993-cü ilədək olan dövrdə təhlükəsizliyin bütün istiqamətləri üzrə - yəni hərbi, siyasi, iqtisadi, sosial, informasiya, ekologiya, qida və digər sahələrdə təhlükəsizliyə ciddi təhdidlər vardı, daha doğrusu, yeni müstəqillik qazanmış ölkədə möhkəm və sabit təhlükəsizlik sistemi, ümumiyyətlə, yox idi. Xalqımız Heydər Əliyevi Qurtuluş missiyası ilə hakimiyyətə ölkədə təhlükəsizliyi təmin etmək məqsədilə çağırmışdı. Çünki təhlükəsizliyin, sabitliyin olmadığı yerdə nə inkişafa nail oluna bilərdi, nə müstəqillik qorunardı, nə də dövlətçilik formalaşardı. Ulu Öndər də fəaliyyətinin əsas hədəfi kimi bu çətin vəzifəni böyük ustalıq və müdrikliklə həyata keçirdi",-R. Usubov deyib.

General-polkovnik bildirib ki, Prezident İlham Əliyev Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini mühüm hədəf kimi müəyyənləşdirmişdi: "Cənab Prezident bu taleyüklü vəzifəni möhtəşəm liderlik məharətilə cəmi 44 gün ərzində reallaşdırdı.

Beləliklə, müstəqil Azərbaycanın milli təhlükəsizlik sisteminin yaranması prosesində Qurtuluş missiyası möhkəm bünövrə və uğurlu başlanğıc oldu. Tarixi Zəfər isə bu sistemin son hədəfini gerçəkləşdirərək, onun tamlığını təmin etdi.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə yaranan yeni hərbi-siyasi reallıq Azərbaycanın milli təhlükəsizlik sisteminin təməl hədəflərini həyata keçirməklə yanaşı, onu müasir dövrün çağırışlarına uyğun olaraq daha təkmil şəkildə möhkəmləndirmək mərhələsini başlatdı. Təcavüzə məruz qalan ölkədən qalib dövlətə keçidin məntiqi nəticəsi kimi möhtərəm Prezident tərəfindən təhlükəsizlik konsepsiyasında da yeni vəzifələr, istiqamətlər, hədəflər, məsuliyyətlər müəyyənləşdirilir. Şuşa Bəyannaməsi də bu kontekstdə xüsusilə fərqlənir və təhlükəsizlik sisteminin dayanıqlığının möhkəm təməllərindən biri kimi dəyərləndirilir", - R.Usubov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti