...

Vətəndaşların təhlükəsizliyi, onların rahat yaşayışını təmin etmək polisin əsas prinsipidir

Siyasət Materials 2 İyul 2022 14:47 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2 iyul Azərbaycan Polisi Günü kimi qeyd edilir. Bu gün Azərbaycan polis orqanının yaranmasından 104 il ötür. Azərbaycan polisi cəmiyyətin təhlükəsiz yaşayışını təmin edən, ölkədə cinayət və cinayətkarlığa qarşı yorulmadan mübarizə aparan asayiş keşikçisidir. Məhz polisin fasiləsiz fəaliyyəti nəticəsində ölkədə kriminal durum nəzarətdədir. Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə vicdanla xidmət edən daxili işlər orqanları əməkdaşlarının vəzifəsi olduqca çətin və şərəfli peşədir. Hər an həyatlarını Azərbaycan vətəndaşı üçün təhlükəyə atan asayiş keşikçiləri daim hər birimizə xidmət edir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev də Trend-ə açıqlamasında Azərbaycan polisinin fəaliyyəti, qarşısında duran vəzifələrin yerinə yetirilməsindən danışıb.

Polis mayoru bildirib ki, vətəndaşların həyatının təhlükəsizliyi, onların rahat yaşayışını təmin etmək polisin əsas prinsipidir.

"İctimai yerdə asayişin qorunması və mühafizəsi polisin əsas vəzifələri sırasındadır. Polisin səlahiyyət çərçivəsində bu məsələ ilə bağlı məhdudiyyət yoxdur. İstənilən neqativ hala qarşı polis çevik reaksiya verməli, hüquqazidd halın qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini təmin etməlidir.

Diqqətə alınmalıdır ki, tək polis əməkdaşı deyil, istənilən mülki vətəndaşın konstitusiyada vətəndaşların vəzifələrinə əsas yaradan hüquq norması var. Orada qeyd edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Ali hüquq dəyərlərinə ehtiramla yanaşılmalı və əməl edilməlidir. Polis peşəsi şüurlu seçimdir. Polis ağır peşələrdən hesab olunur, bu peşədə çalışmaq üçün dözüm, iradə tələb olunur. Çünki standart olmayan iş rejimi dövlət qulluğunun xüsusi forması olan polis peşəsi üçün xarakterikdir. Hər bir polis əməkdaşı müvafiq tibbi yoxlamalardan keçirilir və bu, diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır. Xidmətə çıxmazdan öncə gündəlik təlimatlar verilir, rəislər tərəfindən hər bir əməkdaşın xidmətə, işə münasibəti nəzarətdə saxlanılır", - E.Hacıyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti