Bakı. Trend:
Azərbaycanda akkreditə olmuş diplomatik korpus və hərbi nümayəndələrin Şuşaya iki günlük səfəri başlayıb.
Trend xəbər verir ki, diplomatik korpus və hərbi nümayəndələr təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına eniş ediblər.
Burada hava limanı ilə yaxından tanışlıqdan sonra “Zəfər yolu” ilə Şuşaya yola düşəcəklər.
Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi
nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma
sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə
minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və
ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak
edəcək.
Səfərin ilk günü işğaldan azad olunan ərazilərə Azərbaycanda
qeyri-rezident əsasda akkreditə olunmuş diplomatların, avqustun
27-də isə rezident əsasda akkreditə olunmuş diplomatların səfəri
baş tutacaq.
Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.