...

İtaliya-Azərbaycan universitetinin yaradılması təhsil sahəsində də strateji əməkdaşlığa imkan verəcək - Afət Həsənova

Siyasət Materials 5 Sentyabr 2022 16:11 (UTC +04:00)
İtaliya-Azərbaycan universitetinin yaradılması təhsil sahəsində də strateji əməkdaşlığa imkan verəcək - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya-Azərbaycan universitetinin yaradılması iki ölkə arasında təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərməyə imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.

“Bu, olduqca əlamətdar bir hadisədir. İtaliya-Azərbaycan universitetinin yaradılması tələbələrimizin İtaliyanın qabaqcıl unversitetlərinin təcrübəsindən yararlanmasına imkan verəcək. Daha bir vacib məqam ondan ibarətdir ki, İtaliya-Azərbaycan universitetində tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək.

Universitet, eyni zamanda, kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elm və bilik ocağı olacaq.

Bu baxımdan İtaliya-Azərbaycan universitetində ölkə iqtisadiyyatımızın inkişafına mühüm töhfələr verəcək peşəkar kadrlar yetişdiriləcək. Məlumdur ki, bu gün Azərbaycan iqtisadiyyatında yuxarıda qeyd olunan sahələr üzrə peşəkar kadrlara ehtiyac var. Ona görə də universitetin yaradılması bu kadrların yerli vətəndaşlar hesabına təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir”, - deyə deputat bildirib.

A.Həsənova əlavə edib ki, İtaliya-Azərbaycan universitetinin yaradılması eyni zamanda həm dövlətlərarası münasibətlərin inkişafına, həm də iki ölkə xalqları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. “Həmin universiteti bitirəcək tələbələr iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə də töhfə verəcək” , - deyə deputat əlavə edib.

Qeyd edək ki, bu il İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti