Bakı. Trend:
Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar İraqın Kərkük şəhərində yerləşən Füzuli adına orta məktəbin şagirdlərinə yardım göndərilib.
Agentlikdən Trend-ə bildirilib ki, 120 ədəd məktəb çantası və
müvafiq dərs ləvazimatlarından ibarət yardım oktyabr ayının 2-də
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nasir Məmmədov
tərəfindən şagirdlərə təqdim edilib. Mərasimdə İraq Respublikasının
Kərkük şəhərinin Təhsil baş idarəsinin rəisi Nurhan Xəlil Abdullah,
İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan və məktəb
rəhbərliyi iştirak edib.
İraq və Azərbaycan bayraqları, eləcə də hər iki bayrağın əks
olunduğu xüsusi döş nişanları ilə birlikdə müəllif Bəhram
Bağırzadənin imzası ilə uşaqlar üçün “Şuşa” kitabı da çantalara
əlavə edilib.
Qeyd edək ki, sözügedən təhsil ocağının 1-6-cı siniflərində, əsasən
İraq türkmənləri olmaqla, ümumilikdə 120-yə yaxın şagird türkmən
dilində təhsil alır.
Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
nəzdində fəaliyyət göstərən AIDA 2011-ci ildə təsis edilib və əsas
məqsədi ölkəmizin beynəlxalq inkişafa yardım fəaliyyətinin
əlaqələndirilməsi və həyata keçirilməsidir.