...

Döyüş meydanında tab gətirməyən Ermənistan mülki əhalini atəşə tuturdu

Siyasət Materials 12 Oktyabr 2022 17:00 (UTC +04:00)
Döyüş meydanında tab gətirməyən Ermənistan mülki əhalini atəşə tuturdu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsi günlərində döyüş meydanında rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirməyən və ağır məğlubiyyətlə üzləşən Ermənistan silahlı qüvvələri və hərbi-siyasi rəhbərliyi məğlubiyyətin acısını çıxmaq məqsədilə müharibə cinayətlərinə əl atırdılar. Döyüş meydanından kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımız qadağan olunmuş silah və ballistik raketlərlə atəşə tutulurdu. Tərtər, Goranboy, Bərdə, Gəncə, Mingəçevir, Qəbələ və Xızı erməni terrorundan zərər çəkmiş şəhər və rayonlarımızdandır.

Bunu Trend-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat diqqətə çatdırıb ki, Gəncə şəhəri 44 günlük hərbi əməliyyatlar dövründə bir neçə dəfə Ermənistan tərəfindən ballistik raketlərlə vuruldu. Xalqımız zaman-zaman erməni terrorundan əziyyət çəkib. Ötən il oktyabrın 11-də Ermənistan Azərbaycan xalqına qarşı növbəti terror aktı törətmiş oldu.

“Gecə saat 2-də Ermənistan ərazisindən atılan ballistik raket hücumu nəticəsində 10 nəfər dinc sakin şəhid oldu, 34 nəfər isə yaralandı. Şəhərin infrastrukturuna ciddi ziyan dəydi. Gəncəyə edilən raket hücumları Ermənistanın terrorçu mahiyyətinin daha bir sübutudur. Çox təəssüflər olsun ki, Ermənistanın Azərbaycana, xalqımıza qarşı zamanla törətmiş olduğu terror aktları, eyni zamanda, Vətən müharibəsi günlərində yol verdiyi müharibə cinayətlərinə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən ədalətli qiymət verilməyib. Bu isə dünyada ikili standartların mövcudluğundan xəbər verir”, - deyə deputat bildirib.

C.Osmanov vurğulayıb ki, terror xislətli Ermənistandan fərqli olaraq Azərbaycan apardığı haqq savaşı, azadlıq müharibəsi zamanı müharibə qaydalarına tamamilə əməl edərək mübarizəni hərb meydanında davam etdirdi. Döyüş meydanından uzaq olan rayon və şəhərlərimizə edilmiş xain hücumların qisası ən ağır formada döyüş meydanında alındı.

“Ermənistanın müharibə cinayətləri törətməsində bir sıra səbəblər var idi. Bu səbəblərdən biri də Azərbaycan xalqında qorxu hissləri yaratmaq və Azərbaycan tərəfinin hərbi əməliyyatları dayandırmasına nail ola bilmək idi. Lakin düşmən bu dəfə də da yanılmışdı. Çünki ölkəmizdə möhkəm əsaslı xalq-ordu və Ali Baş Komandan həmrəyliyi vardı. Xalq və dövlət olaraq problemin birdəfəlik həllinə qərar verilmişdi. Nəhayət Azərbaycan xalqı öz istəyinə nail oldu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Azərbaycan Ordusu, eyni zamanda, döyüş meydanında bütün şəhidlərimizin qisasını aldı. Bu gün şəhidlərimizin ruhu şaddır, xalqımız şəhidlərimizi dərin hüzn və qürurla anır”, - deyə deputat qeyd edib.

Azərbaycanın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həm döyüş meydanında, həm də diplomatik müstəvidə möhtəşəm qələbə qazanaraq tarixi ədaləti bərpa etdiyini bildirən deputat deyib ki, aktiv hərbi əməliyyatlar, eyni zamanda, post-münaqişə dövründə mühüm məqamlardan biri də informasiya müharibəsində əldə edilən uğurlar oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti