...

BMT nümayəndəliyi önündə Ermənistanın müharibə cinayətlərini əks etdirən sərgi-aksiya keçirilib (FOTO)

Siyasət Materials 20 Oktyabr 2022 13:10 (UTC +04:00)
BMT nümayəndəliyi önündə Ermənistanın müharibə cinayətlərini əks etdirən sərgi-aksiya keçirilib (FOTO)

Bakı. Trend:

BMT-nin Vyanadakı nümayəndəliyi önündə Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və II Qarabağ müharibəsi dövründə törətdiyi müharibə cinayətlərinə həsr olunmuş sərgi-aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Birləşmiş Millətlər meydanında təşkil olunmuş aksiya Avstriyadaki Azərbaycan icmasının təşkilatçılığı ilə gerçəkləşdirilib.

Sərgi-aksiyada Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olmasını, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasını, Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlığı və Azərbaycan torpaqlarında basdırdığı minaları əks etdirən fotomateriallar nümayiş etdirilib.

Fotomateriallar “Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də mülki vətəndaşlarımıza qarşı misli görünməmiş qırğınlar törədib”, “Çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Beynəlxalq təşkilatları müharibə cinayətləri törədən erməniləri qınamağa çağırırıq!”, “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüarlar və çağırışlarla müşayiət olunub.

Avstriyada yaşayan azərbaycanlı musiqiçi Ruhulla Əzizin kamançada ifa etdiyi həzin musiqi ilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin bütün qurbanları yad edilib.

Aksiya ilə maraqlanan şəhər sakinlərinə Ermənistanın müharibə cinayətləri barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti