...

2023-cü il dövlət büdcəsi xalqımızın firavan və təhlükəsiz həyatını təmin etməyə imkan verəcək - Komitə sədri

Siyasət Materials 23 Noyabr 2022 20:20 (UTC +04:00)
2023-cü il dövlət büdcəsi xalqımızın firavan və təhlükəsiz həyatını təmin etməyə imkan verəcək - Komitə sədri

Bakı. Trend:

Bu gün geniş müzakirə edilən Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcəsi haqqında qanun layihəsi yüksək peşəkarlıqla hazırlanmış qanun layihəsidir. Hesab edirəm ki, bu qanunun qəbulu 2023-cü ildə də müstəqilliyimizin daha da möhkəmlənməsini və xalqımızın firavan və təhlükəsiz həyatını təmin etməyə imkan verəcəkdir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O qeyd edib ki, qanun layihəsində Ermənistanın 30 ilə yaxın işğalından sonra azad edilmiş Şərqi Zəngəzura və Qarabağa Böyük Qayıdış, Qalib və şanlı Silahlı qüvvələrimizin daha da gücləndirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi, elm və təhsilin inkişafı əsas prioritetlər kimi müəyyən edilmişdir. Milli Məclisdə qanun layihəsi müzakirə edilərkən bu məsələlərə böyük diqqət yetirilmiş və onun əhəmiyyəti qeyd edilmişdir.

“Əlbəttə, hər bir vətəndaşın daha yaxşı, keyfiyyətli həyatının təmin edilməsi qanun layihəsində qırmızı xətlə keçir. Bunu təmin etmək, müstəqilliyimizi möhkəmləndirmək üçün Böyük Qayıdışın qısa zamanda həyata keçirilməsi dövlətin qarşısında dayanan taleyüklü strateji məsələdir.

Vaxtı ilə Ulu öndər Heydər Əliyev məcburi köçkünlərlə hər bir görüşündə əminliklə deyirdi ki, biz bir qarış torpağımızı da heç kimə verməyəcəyik, doğma torpaqlarımızı işğaldan azad edəcəyik və biz o yerlərə mütləq qayıdacağıq.

Burada 2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində Ümummilli lider Heydər Əliyevin yaddaşamıza əbədi həkk olunan Azərbaycan vətəndaşlarına ünvanlandığı 1 oktyabr 2003-cü il tarixli müraciətindəki bir fikri xatırlatmaq istərdim.

Ulu öndər Heydər Əliyev xalqa müraciət edərək demişdi: “...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin təmin edilməsi məqsədi ilə, deyərdim ki, mühüm tarixi və iqtisadi-siyasi əhəmiyyət kəsb edən sənəd - “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlandı və təsdiq edildi. Cəmiyyətimiz tərəfindən bu sənəd yüksək qiymətləndirilir. Hesab edirik ki, bu Dövlət Proqramının həyata keçirilməsi ümumxalq işinə çevrilməli, hər bir iş adamı, vətəndaş bu işə öz layiqli töhfəsini verməlidir.

Hesab edirəm ki, bu sənəd həm də bizə dost münasibət bəsləməyən dairələrə dövlətin, xalqın Böyük Qayıdış əzminin və sarsılmaz iradəsinin ifadəsidir.

Nəzərə almaq lazımdır ki, bu günlərdə mətbuatda dərc edilmiş məlumata görə 59 000 hektar ərazi minalardan təmizlənib. Bu, o deməkdir ki, azad edilmiş 10 000 kvadrat kilometr ərazinin yalnız 590 kvadrat kilometri minalardan təmizlənib və 80 000-ə yaxın mina zərərsizləşdirilib. Amma o da məlumdur ki, Ermənistan həmin ərazilərdə 100 minlərlə mina basdırıb ki, azərbaycanlılara qarşı soyqırımını davam etdirsin və insanların öz doğma yurdlarına qayıdışını maksimum ləngitsin. Deməli, bu işi başa çatdırmaq üçün ən azı 10-15 il vaxt və böyük maliyyə vəsaiti lazımdır. İnanıram ki, o torpaqlara qayıdış tam təmin edildikdən sonra ÜDM-nin həcmi iki dəfə artacaqdır ki, bu da xalqımızın layiqli həyat tərzinin daha da yüksəldilməsini təmin edəcəkdir”, - deyə B.Əliyev bildirib.

O qeyd edib ki, bütün bunlar bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq 19 ildir sürətlə inkişaf edir və böyük uğurlara imza atır.

“Bundan sonra da belə olacaqdır. Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim. Uğurlu siyasətin, iqtisadi inkişafın nəticəsi kimi respublikanın 66 şəhər və rayonundan yalnız 8-inə mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılması nəzərdə tutulur. Qeyd edilən 66 şəhər və rayonun 58-i yerli xərcləri öz hesabına təmin edir. Yerdə qalan 8 rayonun 6-sı isə işğaldan azad edilmiş rayondur. Bu istiqamətdə əldə edilmiş uğurun ən bariz nümunəsi Ağdam rayonun 73 faizinin işğaldan 2 il əvvəl azad edilməsinə və həmin ərazilərindən Ermənistan tərəfindən basdırılmış 100 000 minadan hələlik tam təmizlənmədiyi üçün iqtisadi baxımdan istifadənin mümkünsüzlüyünə baxmayaraq, Ağdam öz yerli büdcəsini təmin etməklə bərabər mərkəzləşdirilmiş xərclərə 1 343 000 manat vəsait yönləndirmişdir. Bu, həm uğurlu iqtisadi inkişaf siyasətinin nəticəsi, həm də ağdamlıların doğma Ağdamın yenidən qurulmasına verilən töhfə kimi qiymətləndirilməlidir.

Hesab edirik ki, rayonların iqtisadi inkişafında əldə edilmiş bu nailiyyət xüsusi vurğulanmalıdır. Çünki, bildiyiniz kimi, yaxın keçmişdə vəziyyət o qədər də ürəkaçan deyildi və rayonların böyük əksəriyyəti mərkəzləşdirilmiş xərclərdən ayırmalar hesabına yerli xərcləri təmin edirdilər. Deməli, Prezident İlham Əliyevin müəyyən etdiyi və 2004-cü ildən başlayaraq ardıcıl surətdə həyata keçirilən regionların inkişaf siyasəti qarşıya qoyulan hədəflərə çatmağı təmin edibdir. Bu dövlət proqramının icrası zamanı bəzi problemlər olsa da, bütövlükdə nəticəyönümlü dövlət proqramı kimi qiymətləndirilməlidir. Ona görə də bu siyasətin davam etdirilməsi olduqca vacibdir”, - deyə B.Əliyev vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Respublikasının 2023-cü il büdcəsində də elm və təhsil prioritet istiqamətlərdən biridir.

“Növbəti il üzrə təhsil xərcləri 4423,1 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 536.5 milyon manat çoxdur. ÜDM-də xüsusi çəkisi 4,2 faiz, dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəksi isə 13.3 faiz təşkil edir.

2023-cü ilin dövlət büdcəsində müəllimlərinin əməkhaqqının artırılması, dövlət hesabına ali təhsil müəssisələrinə qəbulun artırılması nəzərdə tutulur, tələbələrin təqaüdünün və təqaüd yerlərinin artırılması. Eyni zamanda, ali təhsilin əlçatanlığını təmin etmək məqsədilə Təhsil Tələbə Krediti Fondunun vəsaitinin 110,0 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, elmi tədqiqaları sürətləndirmək və nəticəyönümlüyünü təmin etmək, gənc alimlərin fəaliyyətini dəstəkləmək məqsədilə 228,5 milyon manat, o cümlədən Elm Fonduna 8,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bir sözlə, 2023-cü ilin dövlət büdcəsi növbəti ildə bütün sahələr üzrə böyük uğurların əldə edilməsinə tam təminat verir.

Eyni zamanda, 2023-cü ilin dövlət büdcəsində nəzərə alınması üçün aşağıdakı təklifləri irəli sürürük:

1. Ali təhsil və elmi tədqiqat müəssisələrində elmi tədqiqat labarotoriyalarının müasir cihazlarla təhciz edilməsi məqsədilə vergi və gömrük güzəştləri nəzərdə tutulsun.

2.Elm və təhsilin inteqrasiyasını sürətləndirmək və maliyyə əsaslarını möhkəmləndirmək məqsədilə institusional islahat çərçivəsində Elm və Təhsil fonndlarının birləşdirilməsi məqsədəuyğundur”, - deyə B.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti