Bakı. Trend:
Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Hər cür təhdid və təhlükəyə qarşı bir yerdədir.
Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izləyərkən bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın 30 il Ermənistanın işğalı altında olan torpaqlarını işğaldan azad etdiyi zaman bütün dünya Türkiyə-Azərbaycan qardaşlığının ən gözəl nümunəsini bir daha gördü və dərk etdi.
"Siz 44 günlük bu şərəfli mübarizənin nəticəsi olaraq təkcə Ermənistana qarşı deyil, illərlə bu torpaqda ədalətsizliyə, qanunsuzluğa, heç bir həll yolu tapmayanlara, susanlara qarşı böyük qələbə qazandınız, türkün gücünü bütün dünyaya göstərdiniz. 30 illik əzmin, inamın və qətiyyətin nəticəsində əldə edilən bu qələbə sayəsində uzun illərdən sonra ilk dəfə olaraq bölgədə sülh və sabitlik ümidləri çiçəkləndi", - deyə o əlavə edib.
H. Akar həmçinin bildirib ki, illərdir qətliamlara qarşı belə passiv və susqunluq nümayiş etdirən şəxslər və beynəlxalq təşkilatlar, xüsusən də Avropa İttifaqı (Aİ) Azərbaycanın qələbəsindən dərhal sonra Ermənistanı qorumaq motivi ilə regiona müxtəlif ünsürlər və nümayəndə heyətləri göndərməyə başlayıb.
"Lakin heç kim unutmamalıdır ki, Türkiyə hər zaman əziz Azərbaycanın yanındadır. Bir daha vurğulamaq istərdik ki, “İki dövlət, bir millət” anlayışına malik olduğumuz Azərbaycanla biz bir ordu, bir güc, lazım olanda bir yumruq olmağı bilirik.
Hər kəs bilməlidir ki, regionun artıq münaqişə, kin və nifrət üzərində qurulmuş gələcəyə yox, qarşılıqlı inkişaf, beynəlxalq hüquqa hörmət və dostluq münasibətləri üzərində qurulmuş gələcəyə ehtiyacı var", - deyə nazir əlavə edib.