Bakı. Trend:
Azərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb.
Bu barədə Trend-ə azərbaycanlı hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva bildirib.
“Separatçıların və şəxsən Qarabağdakı quldur rejimin “dövlət naziri” adlandırılan Ruben Vardanyanın Qarabağda yaşayan dinc ermənilərə təzyiq göstərmək üçün bütün cəhdlərinə baxmayaraq, mənə müxtəlif xarakterli çoxlu zənglər gəldi. Bu zənglər hər gün daha da artdı və təkbaşına öhdəsindən gəlmək mümkün olmadığından “qaynar xətt” yaratmağa qərar verdik”, - deyə o bildirib.
Hüquq müdafiəçisi vurğulayıb ki, çağrı mərkəzi humanitar problemlərlə üzləşəcəkləri təqdirdə Qarabağ ermənilərindən daxil olan müraciətləri operativ şəkildə cavablandırmağa və onların həlli üçün bütün səylərini səfərbər etməyə hazırdır.
Qaynar xətt nömrəsi: +994702779911.
“Biz öz tərəfimizdən Qarabağ bölgəsinin bizimlə əlaqə saxlayan bütün sakinlərinə tam məxfiliyə zəmanət veririk”, - deyə D.Əfəndiyeva əlavə edib.