Bakı. Trend:
Biz sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək üçün ölkəmizdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirməyə razılaşdıq. Biz bu görüşə hazırlaşırdıq, lakin təəssüf ki, son anda erməni həmkarlarımız mövcud vəziyyəti əsas gətirərək Moskvaya gəlməkdən imtina etdilər.
Trend-in məlumatına görə, bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
"Təəssüf ki, belə bir fürsət əldən verildi. Buna baxmayaraq, bu gün biz iki ölkə prezidentinin və Ermənistanın baş nazirinin qərarlarına uyğun olaraq ölkələrimizin qarşısında duran vəzifələri böyük məmnuniyyətlə müzakirə etdik. Dörd üçtərəfli bəyanat təsdiqlənib, onların üzərində iş gedir, amma təbii ki, biz bunu sürətləndirmək istərdik. Hansısa məsələlər ortaya çıxırsa, mən əminəm ki, müntəzəm olaraq görüşmək, danışıqlar aparmaq, etimadı gücləndirmək və bu məsələlərin həlli üçün zəmin yaratmaq da daha zəruri olur”, - deyə Lavrov bildirib.
Qeyd edək ki, dekabrın 23-də Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanması ilə bağlı görüşü planlaşdırılsa da, İrəvan bu görüşdə iştirakdan imtina edib və bunu Laçın yolunun "blokadası" səbəbindən guya humanitar vəziyyətin pisləşməsi ilə izah edib.
Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirildiyi ərazidə azərbaycanlıların dinc aksiyası ilə bağlı Ermənistan mediası saxta xəbərlər yaymaqda davam edir. Sosial şəbəkələrin erməni seqmenti və erməni KİV-i Xankəndinin "blokadası" və "ərzaq qıtlığı" ilə bağlı yalan məlumatlar yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan özü də yalan xəbərlər yaymaqda onlarla ayaqlaşmaq qərarına gəlib və bu gün bildirib ki, guya Laçın yolunun “bağlanması” səbəbindən Qarabağda ərzaq qıtlığı başlayıb. Azərbaycanı “blokada”da ittiham edən Paşinyan iddia edir ki, Qarabağda humanitar vəziyyət son dərəcə gərgin olaraq qalır. Halbuki, hər gün, bəzən gündə bir neçə dəfə təminat maşınları, humanitar karvanlar, təcili yardım maşınları həmin yoldan keçir. Bunu təsdiqləyən çoxlu foto və videolar da var.