Bakı. Trend:
Yanvarın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən (MN) Trend-ə verilən məlumata görə, əvvəlcə
Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki
ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Azərbaycan
və İtaliyanın Dövlət Himnləri səsləndirilib.
Cənab Q.Krosetto protokola uyğun olaraq “Şərəf kitabı”nı
imzalayıb.
Sonra general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları
ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Müdafiə naziri nümayəndə heyətini Vətən müharibəsindən sonra
bölgədə yaranan hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.
Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də
NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyi və bu
münasibətlərin yüksək qiymətləndirildiyi vurğulanıb.
General-polkovnik Z.Həsənov bu səfərin Azərbaycan və İtaliya
arasında hərbi əməkdaşlıq sahəsində yeni inkişaf mərhələsinin
başlanğıcı olduğunu qeyd edib.
Cənab Q.Krosetto isə öz növbəsində göstərilən qonaqərvərliyə görə
təşəkkür edərək hər iki ölkə arasında hərbi əməkdaşlığın
genişləndirilməsinin vacibliyini bildirib.
Ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin
inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi
vurğulanıb.
Görüşdə Azərbaycan və İtaliya Respublikaları arasında hərbi,
hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da
genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər
məsələlər müzakirə olunub.
Sonda hər iki ölkənin müdafiə nazirləri təlim və təhsil sahəsində
əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.