Bakı. Trend:
Əgər uyğun olarsa, Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallarla görüş keçirə bilərik.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında komitə sədri Ziyafət Əsgərov deputatın sualına cavab olaraq deyib.
Z.Əsgərov bildirib ki, bu məsələ razılaşdırılmalıdır: “Ekofəallarımızın dəstəklənməsinə gəldikdə isə bildirirəm ki, bu, elə məsələdir ki, onu razılaşdırmaq lazımıdır. Bizim deputatlar aksiya iştirakçılarına dəstəklə bağlı mediada çox çıxış ediblər. Bu, elə məsələdir ki, özünüz bilirsiz, razılaşdırmaq lazımdır. Əgər uyğun olarsa, niyə də iştirak etməyək?”, - deyə Z.Əsgərov deyib.
Qeyd edək ki, deputat Bəxtiyar Sadıqov Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallarla görüşün keçirilməsini təklif edib. Deputat qeyd edib ki, bununla bağlı Şuşaya səfər edilsin.
Xatırladaq ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 38 gündür davam edir.