Bakı. Trend:
Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.
Trend-in məlumatına görə, bunu yanvarın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Davosda (İsveçrə) Dünya İqtisadi Forumunda "Avrasiya Orta Dəhlizi: cığırdan magistral yola" mövzusunda panel müzakirəsi zamanı deyib.
Dövlət başçısı bildirib:
"Əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar".