...

Yaşar Əliyevin Baş katib Antoniu Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayımlanıb

Siyasət Materials 24 Yanvar 2023 09:10 (UTC +04:00)
Yaşar Əliyevin Baş katib Antoniu Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayımlanıb

Bakı. Trend:

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.

Trend xəbər verir ki, məktubda 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzü zamanı itkin düşmüş bir neçə min vətəndaşımızın taleyinin müəyyənləşdirilməsində Azərbaycanın göstərdiyi səylər barədə ən son məlumatlar Baş katibin diqqətinə çatdırılıb.

Bildirilib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 3 890 vətəndaşı, o cümlədən 719 mülki şəxsi itkin düşüb. Bu mülki şəxslər arasında 71 uşaq, 267 qadın və 326 qoca var. Müəyyən edilib ki, 872 nəfər (605 hərbi qulluqçu və 267 mülki şəxs, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca) əsir və ya girov götürülüb. Sonuncu dəfə bəzilərinin əsirlikdə sağ olduqları məlum olsa da, onların sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Həmçinin, onlarla azərbaycanlı əsir Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin onlara baş çəkməsindən sonra da erməni əsirliyində ölüb və ya itkin düşüb.

2020-ci ilin sonunda işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüququn kobud və sistemli şəkildə pozulmasının inandırıcı sübutları aşkar edilib. 2021-ci ilin fevralından 2022-ci ilin noyabrına qədər bu ərazilərdəki kütləvi məzarlıqlarda təxminən 118 nəfərin qalıqları tapılıb. Bu insan qalıqları Azərbaycanın mülki əhalisinin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsini sübut edir. Kəlbəcər rayonunun Başlıbel kəndi yaxınlığındakı dağ mağarasında aşkar edilmiş kütləvi məzarlıq göstərib ki, Ermənistan silahlı qüvvələri mağarada gizlənən kənd sakinlərini birbaşa atəşə tutub, onlardan azı 12 nəfəri, o cümlədən 2 uşaq və 5 qoca həlak olub.

Xocalı rayonunun Fərrux kəndindəki kütləvi məzarlıqda da uşaq və qadın qalıqları tapılıb.

Daha bir qəddarlığın sübutu Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş, əl-ayaqları məftil və kəndirlə bağlanmış onlarla azərbaycanlının qalıqlarının olduğu kütləvi məzarlıqdır. Bu da onların qısa müddət ərzində öldürülməsindən xəbər verir.

Azərbaycanın işğaldan azad edilmiş digər rayonlarında da kütləvi məzarlıqlar tapılıb.

Ermənistan 30 ilə yaxın müharibə və işğal dövründə itkin düşənlər haqqında məlumat verməkdən və onların taleyini öyrənmək üçün araşdırma aparmaqdan imtina edib.

“Təkcə 2022-ci ildə Ermənistan Azərbaycana 106 nəfərin qarışıq qalıqları olan 67 torba təhvil verib. Ermənistanın bütün əxlaqi prinsiplərə zidd olaraq, beynəlxalq humanitar hüququ pozaraq, insanların öz yaxınlarının taleyi haqqında bilmək hüququna açıq şəkildə məhəl qoymadan bu qalıqları otuz il ərzində saxlaması dərin hiddətə səbəb olmaya bilməz”, -məktubda qeyd edilib.

Eyni zamanda, diplomat Ermənistanın “hələ də Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kütləvi məzarlıqlar barədə məlumat verməkdən” yayındığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın işğalı zamanı Azərbaycan ərazisinə qoyduğu yüz minlərlə minanın tam və dəqiq xəritələrini təqdim etməkdən imtina etdiyi üçün Azərbaycanın axtarış əməliyyatlarına ciddi mina təhlükəsi də mane olur.

Yaşar Əliyev xatırladıb ki, Baş Assambleya və Təhlükəsizlik Şurası itkin düşmüş şəxslərlə bağlı bir sıra qətnamələr qəbul edərək, dövlətlərin beynəlxalq humanitar hüquq çərçivəsində zorakı itkin düşmələrin qarşısının alınması və itkin düşmüş şəxslərin taleyi haqqında hesabat vermək öhdəliklərini təsdiqləyib: “Bu öhdəliklər qurbanların və onların ailələrinin hüquqlarını qorumaq üçün təcili tədbirlərə çevrilməlidir”.

Yekunda Azərbaycan nümayəndəliyinin başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın sözügedən mövzuda öz öhdəliklərini yerinə yetirməsi üçün israr etməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti