...

Şəxsiyyət faktoru: Prezident İlham Əliyev və Avropa liderləri - TƏHLİL

Siyasət Materials 1 Fevral 2023 20:14 (UTC +04:00)
Şəxsiyyət faktoru: Prezident İlham Əliyev və Avropa liderləri - TƏHLİL
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya siyasətində şəxsiyyətlərin rolu haqqında çox danışılıb və yazılıb. Lakin dünya nizamının yenidən formalaşmaqda olduğu bugünkü gün məhz şəxsiyyət faktoru dövlətlər arasında münasibətlərin tənzimlənməsində, geosiyasi problemlərin həllində və böhranların qarşısının alınmasında həlledici aspektlərdən birinə çevrilib. Azərbaycanın bu baxımdan bəxti gətirib: ölkəmizin lideri, Prezident İlham Əliyev nüfuzu və təsiri Avropa liderləri tərəfindən vurğulanan qlobal səviyyəli siyasətçidir.

Ən müxtəlif ölkələrin prezidentləri və dövlət rəhbərləri dövlət başçımızın mühüm şəxsi keyfiyyətlərini vurğulayır və məhz Prezident İlham Əliyevin siyasəti və onun liderliyi sayəsində Azərbaycanın etibarlı tərəfdaş etalonu olduğunu qəbul edirlər. Azərbaycana ona görə etimad göstərirlər ki, Prezident İlham Əliyevə etimad göstərirlər və onun uğur formulunu tətbiq etmək istəyirlər.

Belə ki, yanvarın 30-da Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda çıxış edən Macarıstanın baş naziri Viktor Orban Prezident İlham Əliyevdən beynəlxalq arenada necə daha çox uğur qazana bilmənin yollarını öyrənməli olduğunu deyib.

"Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm", - o deyib.

Serbiya Prezidenti Aleksandr Vuçiç həmçinin Prezident İlham Əliyevin dövlət başçısı kimi məharətinə heyranlığını dəfələrlə ifadə edib. 2022-ci il noyabrın 23-də Belqrad şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Vuçiç "Prezident İlham Əliyevin sözünə istənilən imzadan daha çox etibar etdiklərini" deyib.

"Prezident İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən həqiqətən şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir", - Serbiya prezidenti qeyd edib.

Bundan əvvəl 2022-ci il oktyabrın 1-də Sofiya şəhərində IGB qaz kəmərinin işə düşməsi ilə əlaqədar mərasimdə çıxış edən Aleksandr Vuçiç qeyd edib ki, Prezident İlham Əliyevin iştirakı olmadan qaz, habelə enerji tədarükünün diversifikasiyasına ümid etmək boşuna olardı.

"Qeyd etməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmadan bizlər çətin ki qazın, həmçinin elektrik enerjisinin tədarükünün diversifikasiyasına ümid edərdik. Əziz dostum, görürəm ki, bu gün Siz Avropada çox tanınırsınız. Sizinlə danışmaq istərdim. Mən onunla dəfələrlə söhbət etmişəm. O artıq Avropada çox tanınır. Bilmirəm o nə edib, amma mən də bunu bilmək istərdim", - o deyib.

Həmin tədbirdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Prezident İlham Əliyevin Avropaya mürəkkəb zamanda kömək etdiyini qeyd edib.

"Bu cür layihələr sayəsində Avropada qışda yetərincə qaz olacaq. Biz ötən ay buna nail olmaq üçün çox çalışdıq. İlk addım olaraq rus qazından etibarlı tədarükçülərin xeyrinə diversifikasiya oldu. Prezident İlham Əliyev bizə mürəkkəb zamanda kömək etdi. Mən bu məqsədlə iyul ayında Azərbaycana səfər etdim, həmçinin Norveçə, ABŞ-a, Əlcəzairə və bu kritik anda bizə kömək edən bir çox digər ölkələrə səfər etdim", - o deyib.

Prezident İlham Əliyevin müdrik və uzagörən siyasəti təcrübədə ən mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmağa kömək edirdi. Azərbaycan Prezidenti İlham Əliyev neft bazarında OPEC ölkələri ilə kartelə daxil olmayan ölkələr arasında koordinasiyanın gücləndirilməsi ideyasını irəli sürmüş ilk dövlət başçısı olub.

OPEC-in mərhum baş katibi Məhəmməd Barkindo vaxtilə Prezident İlham Əliyevin ideyasını yenilikçi və uzaqgörən təklif adlandırmışdı.

"Əslində 2016-cı ildə Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda cənab Prezident İlham Əliyev 2014-2016-cı illərdə neft bazarındakı ciddi tənəzzülün öhdəsindən gəlmək məqsədilə ilk dəfə neft bazarında OPEC ölkələri ilə kartelə daxil olmayan ölkələr arasında koordinasiyanın gücləndirilməsi ideyasını irəli sürmüşdü. O bu cür yenilikçi və uzaqgörən təklif irəli sürən ilk dövlət başçısı idi. Prezident İlham Əliyev bir addım öndə idi və biz 2016-cı il dekabrın 10-da 24 neft istehsal edən ölkənin, o cümlədən Azərbaycanın iştirak etdiyi OPEC və qeyri-OPEC ölkələrinin Vyanadakı ilk görüşündə neft hasilatının azaldılması hesabına dünya neft bazarının stabilləşdirilməsinin sürətləndirilməsi üzrə birgə səylər haqqında razılığa gəldikdə onun müdrik fikrini həyata keçirdik", - M.Barkindo deyib.

Beləliklə bu gün Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycanla hesablaşırlar, bizim mövqeyimiz ən yüksək tribunalardan eşidilir. Prezident İlham Əliyevin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı ətrafımızda nüfuzlu müttəfiqlər və dünyanın müxtəlif yerlərindən tərəfdaşlar toplamaqdadır.

Xəbər lenti

Xəbər lenti