Bakı. Trend:
Son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən ondan imtina edir.
"Yoldan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Bu da təbii ki, Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. O cümlədən, dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi.
Bilirik ki, məsələnin həlli üçün bəlli çağırışlar var. Həll yollarından biri kimi cənab Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Ermənistan-Azərbaycan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulmasını təklif etmişdi. Bu, Laçın yolunda şəffaflığı təmin edə bilər. Çünki hər kəs bilir ki, üçtərəfli bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarətdir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar yaradır. Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tərəfdaşlardan onun sağlam olduğunu eşidirik. Həmin görüşdə heç bir konkret cavab verilmədi. Lakin təxminən iki gün sonra Ermənistanın xarici işlər naziri bu təklifə istinad edərək heç bir izah vermədən Ermənistan üçün məqbul olmadığını açıqladı. Hesab edirik ki, bu açıqlama bir daha göstərir ki, Ermənistan tərəfi üçtərəfli bəyanat üzrə öhdəliyini yerinə yetirməkdə maraqlı deyil. Laçın yolunda hansısa gərginliyin olmaması üçün verilən təklifdən imtina edir", - nazir qeyd edib.
Onun sözlərinə görə, manipulyasiyalarla məşğul olmaq və beynəlxalq aləmdə çaşdırıcı məlumatların verilməsi ilə yanlış təsəvvür, lazımsız gərginlik yaratmaqda maraqlıdır. Danışıqlardan yayınır, verilən təklifə də heç bir izah vermədən ondan imtina edirlər", - deyə C.Bayramov əlavə bildirib.