...

İslamofobiyanın təsirini Azərbaycan da hiss edir - Fərid Şəfiyev (FOTO)

Siyasət Materials 14 Mart 2023 10:16 (UTC +04:00)
İslamofobiyanın təsirini Azərbaycan da hiss edir - Fərid Şəfiyev (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiyanın təsirini Azərbaycan da hiss edir.

Trend-in məlumatına görə, bu barədə bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransla bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Avropa Parlamentində Azərbaycana qarşı qətnamə hazırlanır, müzakirə edilir.

“30 illik münaqişə zamanı sosial şəbəkələrdə, qərb mediasında Azərbaycana qarşı qərəzli mövqe görmüşük. Bunun bir səbəbi də islamofobiyadır. Yəni Azərbaycan bilavasitə islamafobiya ilə üzləşib. Ona görə də belə bir konfransın Azərbaycanda keçirilməsi təbii haldır", - F.Şəfiyev bildirib.

İdarə Heyətinin sədri əlavə edib ki, islamofobiya daha çox qərb cəmiyyətində, Avropa ölkələrində hiss edilir:

"İslamofobiya ilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək xarici elm adamları da öz ölkələrində baş verənlərdən bəhs edəcəklər", - F.Şəfiyev vurğulayıb.

Xatırladaq ki, Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti