...

Bu gün Elxan Ələsgərovun 68 yaşı tamam olacaqdı

Siyasət Materials 14 Mart 2023 14:39 (UTC +04:00)
Bu gün Elxan Ələsgərovun 68 yaşı tamam olacaqdı

Bakı. Trend:

Bu gün görkəmli diplomat, “Baku Network” ekspert platformasının ilk rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun 68 yaşı tamam olacaqdı.

Elxan Ələsgərov görkəmli azərbaycanlı, ölkəsinin vətənpərvər insanı, Vətənə xidmət borcuna və vəzifəsinə sadiq zabitidir. Elxan Ələsgərov öz böyük həyat yoluna məhz bu Vətənə xidmət missiyası ilə başlayıb və ömrünün son günlərinədək fədakarcasına və pafosdankənar, səmimi qəlblə sevdiyi Azərbaycanın rifahı üçün çalışıb. Onun həyatının hər bir mərhələsi və addımı bunu təsdiq edir. O, kəşfiyyat və diplomatiya sahəsində xidmət etdiyi, elm və informasiya istiqamətindəki fəaliyyəti müddətində əldə etdiyi bilikləri və qiymətsiz həyat təcrübəsini cəmiyyətə ərmağan edib.

Elxan Ələsgərov 14 mart 1955-ci ildə Bakı şəhərində doğulub.

1972-ci ildə 150 nömrəli şəhər orta məktəbini bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində rabitə mühəndisi ixtisası üzrə alıb. "Azon" Elmi-Tədqiqat İnstitutunda və Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında çalışıb. 1987-ci ildə "Drujba" Cəmiyyətində xarici ölkələrlə mədəni əlaqələr üzrə sədr müavini, 1988-ci iıdə isə "Vətən" Cəmiyyətində xarici ölkələrlə mədəni əlaqələr üzrə sədr müavini olaraq çalışıb. Elxan Ələsgərov I Qarabağ müharibəsinin iştirakçısı olub, polkovnik hərbi rütbəsi daşıyıb.

2000-2015-ci illərdə dəfələrlə Xarici İşlər Nazirliyinin xətti ilə xarici ölkələrə uzunmüddətli ezamiyyətlərə göndərilib.

2000-2006-cı illərdə Azərbaycanın Ankaradakı səfirliyində, 2008-2015-ci illərdə isə Azərbaycanın Haaqadakı səfirliyində diplomat olaraq çalışıb.

Elxan Ələsgərov "Qafqaz Albaniyası" mərkəzinin və "Qafqaz" analitik mərkəzinin təsisçisi olub.

Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin və Yazıçılar İttifaqının üzvü olub. İki kitabın və 200-dən çox məqalənin müəllifidir.

Azərbaycanda "Əli və Nino" romanı ilə bağlı aparılmış ilk elmi tədqiqata görə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

5 yanvar 2021-ci ildə Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib.

Elxan Ələsgərov Azərbaycanın yaddaşında böyük vətənpərvər olaraq qalacaq. O Zəfər Yürüşünü görə bilməsə də, Şuşa və Kəlbəcərin, Füzuli və Ağdamın geri alınmasını gördü. Bu, daima və hər yerdə öz ölkəsinin maraqlarını müdafiə edən zabit, alim, jurnalist, tarixçi, diplomat üçün ən gözəl mükafat və son hədiyyədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti