...

Ermənilərin törətdiyi soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı kəskin nifrət dayanır - Ombudsman

Siyasət Materials 31 Mart 2023 11:34 (UTC +04:00)
Ermənilərin törətdiyi soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı kəskin nifrət dayanır - Ombudsman
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Quba. Trend:

1918-ci ilin 30 mart və 3 aprel tarixləri aralığında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərimizdə yaşayan azərbaycanlılar erməni daşnak silahlı dəstələri tərəfindən soyqırımına məruz qalıb. Rəsmi mənbələrə əsasən, bu soyqırımı aktları nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, ermənilərin xalqımıza qarşı soyqırımılarının ilk mərhələsi hələ 1905-1906-ci illərdə İrəvan da daxil olmaqla bütün Azərbaycan torpaqlarında həyata keçirilib.

“1918-1920-ci illərdə indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi - İrəvan şəhəri, Zəngəzur, Dərələyəz, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Ağbaba-Şörəyel, Loru-Pəmbək, Dərəçiçək, Dilican, Qaraqoyunlu və digər tarixi mahallarımız növbəti dəhşətli soyqırımına məruz qalıb.

Xalqımıza qarşı etnik təmizləmə siyasətinin zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər yolu ilə həyata keçirilməsi Qərbi Azərbaycanların bütün fundamentlal insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnib.

Ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanırdı.

Tarixə nəzər saldıqda görürük ki, bu prosesin həyata keçirilməsi 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olmuşdur.

Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əlehinə yönəlmiş əməl olmaqla ən ağır cinayət hesab edilir. Bu mənada ermənilər tərəfindən azərbaycanlılara qarşı kəskin milli, irqi, dini nifrət zəminində həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə günahsız insanın qəsdən və məqsədli şəkildə məhv edilməsi həmin bəşəri cinayətin məhz soyqırımı aktı olmasını təsdiq edir”, - deyə S.Əliyeva bildirib.

O qeyd edib ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir.

“BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır.

Buna görə də 1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırımı cinayəti kimi tövsif edilməlidir.

Qeyd etmək istərdim ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın digər taleyüklü məsələləri ilə yanaşı, 31 mart - azərbaycanlıların soyqırımı da ilk dəfə olaraq siyasi gündəmə gətirilmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1998-ci il 26 mart tarixli Fərmana əsasən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunmuş, bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilmişdir.

Yeri gəlmişkən, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq 2018-ci ildə soyqırımın 100 illiyi ilə bağlı müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi təmin olunmuş, Milli Məclisin isə xüsusi iclası keçirilmişdir”, - deyə S.Əliyeva vurğulayıb.

O əlavə edib ki, son illər 31 mart azərbaycanlıların soyqırımı ilə əlaqədar aparılmış araşdırmalar, elmi tədqiqatlar nəticəsində ermənilərin azərbaycanlılara qarşı törətmiş olduğu soyqırımı cinayətlərini təsdiq edən çoxlu sayda tutarlı faktlar və sənədlər aşkar edilib.

“Bu konteksdə Quba şəhərində tapılan kütləvi məzarlıq ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətinin qanlı epizodlarından biridir. Burada yaradılan Quba Soyqırımı Memorial Kompleksi də həmin faktı əyani sübutlarla özündə əks etdirir.

Azərbaycana qarşı uzun illər ərzində həyata keçirilmiş nifrət zəmində etnik təmizləmə, soyqırımı, terrorçuluq və işğal siyasəti sonrakı illərdə də davam etdirilmişdir. Bunun acı nəticəsi olaraq müasir dövrümüzdə də çoxsaylı soydaşlarımız Ermənistanın müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilmiş və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər almış, habelə əsir və itkin düşmüş, girov götürülmüşlər.

İşğaldan azad olunmuş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar beynəlxalq humanitar hüquq normalarına zidd olaraq amansız işgəncələrlə qətlə yetirilərək qeyri-insani formada dəfn olunublar”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti