...

Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru

Siyasət Materials 10 Aprel 2023 13:18 (UTC +04:00)
Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müstəqil Azərbaycanın uğurlu gələcəyi onun iqtisadi potensialına, həyata keçirilən islahatlara, məqsədyönlü siyasətə və dünya birliyinə davamlı inteqrasiyasına əsaslanır. Artıq beynəlxalq reytinqlərdə ardıcıl olaraq son bir neçə ildir ki, Azərbaycan dünyanın ən islahatçı dövlətlərindən hesab edilir. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən islahatların səmərəliliyini, effektivliyini aydın şəkildə qeyd edir və bu islahatların gələcəyə böyük qapı açdığını vurğulayırlar.

Əlbəttə, bütün bunlara baxdıqda, ilk növbədə, ağıla gələn bünövrədir, təməldir. Zamanında atılan təməl düzgün olmasaydı, bu gün regionun lider dövləti, güclü iqtisadiyyatı və ordusuna malik olan Azərbaycandan qürurla danışmaq çətin olardı. Ona görə də, gəlin, öncə bir dövlətin ayaqda durması, dirçəlməsi, dünya dövlətləri içərisində sürətli inkişafa nail olması və sivilizasiyalara inteqrasiya olunması üçün təməl prinsiplərdən bəhs edək. Müasir müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin, bünövrəsinin banisi isə Ulu Öndər Heydər Əliyevdir. Məhz onun uzaqgörənliyi, dərin zəkası, intellektual düşüncəsi sayəsində bugünkü Azərbaycandan qürurla danışmağı haqq edirik.

Heydər Əliyev - Azərbaycançılıq ideologiyası, siyasi sabitlik, böhrandan inkişafa gedən yol

Ulu Öndərin ən ümdə düşüncələrindən biri Azərbaycançılıq ideyası idi. Məhz bu ideya və onun ətrafında həyata keçirilən irimiqyaslı iş sayəsində Azərbaycan xalqı ağır bəlalardan, Azərbaycan dövləti isə məhv olmaq təhlükəsindən xilas olundu. Belə ki, Azərbaycançılıq dövlət müstəqilliyi əldə ediləndən sonra həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün aparıcı ideya kimi daim diqqətdə saxlanıldı.

Əlbəttə ki, bu ideyanın kütləviləşməsi, ümumxalq şüara çevrilməsi isə məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Odur ki, Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətlərindən danışarkən, hər şeydən öncə onun azərbaycançılıq işindən başlamaq lazımdır...

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı illərdir həsrətində olduğu müstəqilliyini qanı bahasına bərpa etdi. Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələnin əsasını qoydu. Müstəqilliyimizin elə ilk illərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarla üz-üzə qaldı. Ozamankı hakimiyyətin siyasi səriştəsizliyi, idarəetmə bacarığının yoxluğu ölkəmizdə dərin siyasi və iqtisadi böhranın yaranmasına səbəb oldu və ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına şərait yarandı. Belə ki, AXC-Müsavat iqtidarının yarıtmazlığı, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını, vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da çətinləşdirmişdi. Hakimiyyətin başı isə daxili siyasi çəkişmələrə, vəzifə uğrunda mübarizəyə, dövlət əmlakının mənimsənilməsinə qarışdığından, bu acınacaqlı vəziyyət ölkəmizi hər gün daha da uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar bəzi siyasi “lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda mübarizəyə cəlb olunmşdu.

Siyasi böhranla bərabər, ölkədə hökm sürən iqtisadi tənəzzül, ərzaq qıtlığı insanların sosial durumunu olduqca çətin vəziyyətə salmışdı və bütün bunlar xalqın bu gündən sabaha ümidini qırmışdı. Lakin xalqımız çox yaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə malik bir rəhbər çıxara bilər. Ulu Öndər xalqın səsinə səs verdi və bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürərək 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə yenidən hakimiyyətə gəldi. Bu hadisə müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu.

Ulu Öndər ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu. Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla yanaşı, müstəilliyimizin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Heydər Əliyev tərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı.

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə, o cümlədən, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklər baş verdi. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarət idi ki, onun Heydər Əliyev kimi gələcək prosesləri dəqiq müəyyənləşdirən, tarixin nizamını və gedişini ölçə bilən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq və xalqın qüdrətinə arxalanmaq kimi bacarıqları olan bir lideri var idi. Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq edərək milli bir dövlət qurdu.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi uğrunda gördüyü işlər, əlbəttə ki, saymaqla bitmir. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında, onun qəbul edilməsində gərgin əmək sərf etmişdir. Təbii ki, Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından tariximizin çox mühüm ictimai-siyasi hadisəsi idi. Konstitusiya təkcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyildi, eyni zamanda, ölkəmizin hüquqi dövlət statusunda inkişafının prinsipcə yeni mərhələyə keçməsinin göstəricisi idi. Bu mərhələ, hər şeydən öncə, siyasi sistemin mərkəzində insan və vətəndaş, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə xarakterikdir.

Bu gün Azərbaycan xalqı öz böyük şəxsiyyəti olan Heydər Əliyevi yalnız siyasi lider kimi yox, eyni zamanda, milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Bu səbəbdəndir ki, Heydər Əliyevin ideyaları bu gün də yaşayır və hər addımda özünü göstərir.

Ulu Öndərin tarixi missiyası - “Əsrin müqaviləsi”

“Əsrin müqaviləsi”ndən danışarkən, bunu Ulu Öndərin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidməti kimi dəyərləndirmək olar. Bu müqavilə sayəsində Heydər Əliyev müasir neft siyasətimizin strategiyasını müəyyənləşdirmişdi. Belə ki, 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycanın həyatına tarixi gün kimi yazıldı - “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalandı. 29 il bundan öncə Bakıda Qərb şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsinə çevrildi.

Bu gün “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında, həmçinin, regional və qlobal əməkdaşlığın dərinləşməsində oynadığı roldan danışarkən, əlbəttə ki, məmnunluq hissi keçiririk. Lakin o da sirr deyil ki, sözügedən müqavilənin Azərbaycanın maraqları çərçivəsində hazırlanması və imzalanması heç də asan ərsəyə gəlməyib. Çünki bu layihəni qısqanan, gözügötürməyən, reallaşmasını istəməyən qüvvələr vardı. Məhz Ümummilli Liderin əzmi və iradəsi sayəsində bu möhtəşəm layihə həyata keçdi və onun Azərbaycanın sonrakı sürətli inkişafında oynadığı rol artıq göz qabağındadır. Təsadüfi deyil ki, bu gün Azərbaycanın beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsasında məhz “Əsrin müqaviləsi” dayanır.

Prezident İlham Əliyev nitqlərindən birində müstəqil Azərbaycanın uğurlu enerji siyasətində Ulu Öndər Heydər Əliyevin müstəsna rol oynadığını vurğulayaraq belə deyib: “Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz O, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir”.

Heydər Əliyev irsi və ordu quruculuğu

Hazırda dünya xalqlarının qarşısında duran ən mühüm vəzifə müstəqilliyə nail olmaq və ya onu qoruyub saxlamaqdır. Azərbaycan xalqı da illərlə azadlığı, müstəqilliyi yolunda mübarizə aparıb və neçə-neçə oğullarımız bu yolda canlarından keçiblər. Tarixi təkamül prosesi göstərir ki, hər hansı xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini, genetik yaddaşını, kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək və ən əsası, bu müstəqilliyi qoruyub saxlamaq onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərlə bağlı olub.

Ötən əsrdə xalqımızın dünya siyasi arenasına bəxş etdiyi fenomenal nadir şəxsiyyət olan Ümummilli lider Heydər Əliyevin böyük fədakarlıqları hesabına ata-babalarımızın qurub-yaratdığı dövlətin sarsılmazlığı, demokratik yüksəlişi, Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edildi. Məhz onun Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı ilə bağlı gördüyü böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın müstəqil, suveren dövlət kimi varlığından danışa bilməzdik.

Dövlətin qarşılaşa biləcəyi çətinlikləri öncədən duyan Ümummilli Lider zamanı qabaqlayaraq ölkənin davamlı inkişafı, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atdı. Bu baxmdan, onun ordu quruculuğu istimamətində atdığı addımları xüsusi qeyd etmək lazımdır. Bəllidir ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin edən əsas qüvvədir. Müasir Azərbaycanın dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olunsa da, vahid komandanlığa əsaslanan, nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər bir təhdidin qarşısını almağa qadir olan ordunun yaradılması məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün oldu.

Hakimiyyətdə olduğu illər ərzində Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini daim diqqət mərkəzində saxladı. Hələ sovet dönəmində, Ulu Öndərin birinci hakimiyyəti illərində onun uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildi, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam yaradıldı. Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biridir...

Bu gün hər bir Azərbaycan vətəndaşı öz güclü ordusu ilə, sözün əsl mənasında, fəxr edir. Çünki bugünkü ordu 2020-ci il sentyabrın 27-də başladılan, 44 gün davam edən və Zəfərlə nəticələnən İkinci Qarabağ Savaşının Qalibidir. Artıq bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu bilir və təsadüfi deyil ki, hazırda Azərbaycanın hərbi təcrübəsi dünya ölkələrində dərsliklərə salınaraq öyrənilir. Vətən müharibəsi dünyada Azərbaycan Ordusu haqqında təsəvvürləri yaxşı mənada dəyişdi. Ona görə də Azərbaycan Ordusu bu gün dövlətin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin edən yüksək hazırlıqlı təsisatdır. Bütün bunlar vaxtilə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı, dövləti, ordusu, ən nəhayət, müstəqilliyi naminə göstərdiyi fəaliyyətin, müəyyən etdiyi strategiyanın və bu strategiyanı uğurla davam etdirən, onu bir qədər də gücləndirən Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Qarabağın azadlığı: Heydər Əliyevin arzularının təntənəsi

Heydər Əliyevin ən böyük arzuları Azərbaycanın gələcəyi ilə bağlı idi. "Azərbaycan bütün dünyaya günəş kimi doğacaq" deyən Ümummilli Lider həm də böyük optimist olduğunu isbatlamışdı. Əlbəttə, Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz evlərinə qayıtması Ümummilli Liderin ən böyük arzuları sırasında idi. O, Prezident olaraq vaxtının və enerjisinin böyük hissəsini bu problemlərə həsr etmişdi. Onun zəhməti hədər getmədi. Prezident İlham Əliyev Ulu Öndərin bütün ümidlərini doğrultdu. Ən əsası isə 44 günlük Vətən müharibəsi ilə Qarabağ azad edildi.

2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində belə bir ifadə işlətdi: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim!". Bütün Azərbaycan xalqını yaxşı mənada silkələyən bu fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi saya bilərik...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti