...

Rəcəb Tayyib Ərdoğan yenidən xalqın etimadını qazanaraq prezident seçildi - İlyas Hüseynov

Siyasət Materials 29 May 2023 01:59 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan yenidən xalqın etimadını qazanaraq prezident seçildi - İlyas Hüseynov

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən xalqın etimadını qazanaraq prezident seçildi.

Trend xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, qardaş Türkiyə bu gün demokratiya imtahanı verdi.

“O bu sınaqdan başı uca çıxdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən xalqın etimadını qazandı. Seçki prosesi olduqca çətin oldu və ilk dəfə idi ki, Türkiyədə prezident seçkiləri ikinci tura qalırdı. Mayın 14-də də keçirilən ilk turda da Rəcəb Tayyib Ərdoğan irəlidə idi. Lakin lazım olan 50+1 səsi keçə bilmədi. Amma bu gün o xalq səsverməsi ilə qalib gəldi”- deyə politoloq qeyd edib.

Politoloqun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Türk dünyası üçün görəcəyi işlər hələ qarşıdadır.

“Türkiyə Müdafiə Sənayesi sahəsində qazandığı uğurları daha da genişləndirəcək. Ərdoğana nəinki Türkiyədə, hətta bütün dünyada böyük hörmət var. O xalqın etimadını qazanmış güclü, siyasi liderdir. Ərdoğana Azərbaycanda da böyük rəğbət və sevgi var. Heç vaxt unutmaq olmaz ki, o Vətən müharibəsində Azərbaycana siyasi bə mənəvi dəstək vermişdir”,- deyə o deyib.

İ.Hüseynov bildirib ki, Türkiyə hərbi müttəfiq kimi Azərbaycanın yanındadır.

“Əgər kimlərsə, Azərbaycan ərazisinə, onun torpaqlarına suverenliyinə göz dikəcəksə, qarşısında NATO-dakı ikinci ən böyük orduya malik Türkiyəni görəcəkdir.

Türkiyənin bugünkü reallıqları, Azərbaycanla olan dostluq və qardaşlıq münasibətləri və eyni zamanda Rəcəb Tayyib Ərdoğan və ölkə başçımız İlham Əliyevin dostluq əlaqələrinin bariz nümunəsidir”,- deyə ekspert vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti