...

Azərbaycan öz ərazisində qanunsuz hərbi dəstələrə qarşı antiterror tədbirləri keçirir - Aleksey Naumov

Siyasət Materials 20 Sentyabr 2023 12:06 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan öz ərazisində qanunsuz hərbi dəstələrə qarşı antiterror tədbirləri keçirir.

Trend xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.

"Birincisi və ən əsası: Qarabağ Azərbaycandır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, Rusiyanın, BMT-nin nöqteyi-nəzərindən, Ermənistanın özünün rəsmi nöqteyi-nəzərindən bu belədir", - o deyib.

Aleksey Naumov vurğulayıb ki, Azərbaycan bu gün öz ərazisində qanunsuz hərbi dəstələrə qarşı antiterror tədbirləri keçirir, onlar üç il əvvəl oradan çıxarılmalı idi. Onları çıxarılması tələbi rəsmi olaraq da 2020-ci ildəki üçtərəfli bəyanatda qeyd olunub.

İkincisi, Ermənistana heç kim hücum etməyib. Ermənistan ərazisi təhdid altında deyil, onun silahlı qüvvələri kazarmalarda oturub və döyüşlərdə iştirak etmir. Buradan da üçüncü məqam ortaya çıxır ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müttəfiq öhdəliklərini tam yerinə yetirir, əksinə dair iddialar həqiqəti əks etdirmir və Ermənistan cəmiyyətinin radikal hissəsinin maraqları uğruna Rusiyanı müharibəyə cəlb etmək məqsədi daşıyır.

Dördüncüsü, rus sülhməramlıları döyüşlərdə iştirak etməli deyil. Rus sülhməramlıları dinc sakinləri qorumalı (hazırda da məhz bununla məşğuldurlar) və atəşkəs rejiminin pozulmasını qeydə almalıdır (üç il ərzində Qarabağ ərazisində elə həmin silahlı dəstələrin mövcudluğunu qeyd etməklə bunu ediblər)", - o deyib.

Naumov qeyd edib ki, üçtərəfli bəyanat imzalandıqdan sonrakı üç il ərzində bu bölgənin Azərbaycana reinteqrasiyasına şərait yaratmaq lazım idi. Faktiki olaraq, bunun əksi baş verirdi - separatçılar var gücləri ilə bölgədə separatçı ab-havanı qorumağa və gücləndirməyə çalışıblar", - deyə o əlavə edib.

Politoloq bildirib ki, bu səbəbdən bütün yanlışları Rusiyanın üzərinə atmaq başadüşüləndir (baş verənlər və məsuliyyətsizlik nəticəsində şokla izah oluna bilər), lakin qəbuledilməzdir.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Xatırladaq ki, sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayonu ərazisində yük avtomobili tank əleyhinə minaya düşüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.

19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti