Bakı. Trend:
Azərbaycan Qarabağda antiterror tədbirlərinə başlamalı idi.
Trend-in məlumatına görə, bunu CNN-ə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Verilişin aparıcısının təxribat xarakterli suallarını cavablandıran Hikmət Hacıyev qətiyyətlə təkrar edib ki, Azərbaycan açıq şəkildə bəyan edib ki, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri silahlarını təhvil verərsə, Azərbaycanın başlatdığı antiterror tədbirləri başa çatacaq.
"Dünyanın hər bir ölkəsi kimi Azərbaycanın da öz suverenliyini müdafiə etmək hüququ var. Azərbaycan dəfələrlə Qarabağda Ermənistan silahlı qüvvələrinin ağır artilleriya elementlərinə malik on min hərbçisinin olduğunu deyib. Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə idi. Amma bu artıq keçmişdə qalıb.
Biz Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, onların Azərbaycan Konstitusiyasına uyğun olaraq hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin Azərbaycanda 30 ildir mövcud olan "boz zona"nın aradan qaldırılması prosesinin başlanmasını səbirsizliklə gözləyirik. Bu "boz zona" 30 illik erməni işğalının qalığıdır", - deyə Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan antiterror tədbirləri zamanı Qarabağda erməni mülki əhalisini hədəf almayıb. Bundan fərqli olaraq, Azərbaycan ordusu hədəflərin zərərsizləşdirilməsində çox seçici və dəqiq olmaqla, dəqiq idarə olunan hərbi sursatlardan istifadə edib, eyni zamanda bütün mülki şəxslərə əvvəlcədən SMS vasitəsilə ilə hərbi obyektlərdən uzaq durmaq lazım olduğu barədə məlumat verilib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.
Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 20 sentyabr 2023-cü il saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.