Bakı. Trend:
Fransa və Ermənistanın növbəti dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı təxribat cəhdi baş tutmadı, onların “blokada şousu” böyük bir məğlubiyyətə düçar oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Fransa da, Ermənistan da düşünürdülər ki, Azərbaycana qarşı nəyəsə nail ola bilərlər, ancaq Azərbaycan onlara öz yerini göstərdi.
“Fransa da, Ermənistan da anlamalıdır ki, onlar Azərbaycana qarşı heç nəyə nail ola bilməyəcəklər, yenə də Azərbaycan sona qədər öz mövqeyini qoruyacaq. Həm də nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Yaxşı olardı ki, Fransa da, Ermənistan da baş verənlərdən nəticə çıxarsınlar, anlasınlar ki, artıq onların edə biləcəyi heç nə yoxdur”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclasda Fransa yenidən qondarma “blokada” mövzusunu gündəmə gətirib. Lakin bu cəhd uğurlu alınmayıb. İclasda aparılan müzakirələr göstərib ki, Ermənistanın qaldırdığı məsələlər Təhlükəsizlik Şurasının formatına uyğun gəlmir, orada yersizdir. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında çoxsaylı telefon danışıqları heç bir şəkildə vəziyyətin gedişatını dəyişməyib.
Bu ilin avqustunda Ermənistan Qarabağın erməni sakinlərinin guya “blokadaya alınması” məsələsinə BMT-nin iclasında baxılmasına cəhd etmişdi. Bundan əlavə, 2022-ci ilin dekabrında Fransa “Laçın dəhlizi” adlandırılan məsələni gündəmə gətirməyə cəhd etmişdi, lakin uğursuzluğa düçar olmuşdu.