Bakı. Trend:
Azərbaycan işğaldan, etnik təmizləmədən ən çox əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımız 30 ilə yaxın erməni işğalı altında qalıb, bir miyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Nəzərə alsaq ki, 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda Azərbaycan əhalisinin sayı 8 milyon idi, bir miyondan çox qaçqın və məcburi köçkün böyük faciə, böyük humanitar fəlakət idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Azərbaycan həmin dövrdə müstəqilliyini yeni qazanmışdı, iqtisadi imkanları məhdud idi və üstəlik bu qədər qaçqın və məcburi köçkün ölkənin sosial-iqtisadi vəziyyətini daha da mürəkkəbləşdirirdi.
“Ölkəmiz çox ciddi sınaq qarşısında idi. Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri də məlum olan yoxsulluq idi, çünki yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan ayaqda durmağı bacardı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz bu çətin vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoymağa başladı. Əlbəttə ki, ölkəmizin qarşısında duran ən vacib məsələ torpaqların işğaldan azad edilməsi idi. Lakin Azərbaycan hər zaman sülh tərəfdarı olub və uzun illər səbr göstərərək münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırdı.
Bu baxımdan ölkəmiz 28 il ərzində biz danışıqlar prosesinə sadiq qaldı. Lakin Ermənistan tərəfi hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirərək münaqişənin həllini uzatmağa çalışırdı. Lakin Azərbaycan sülh tərəfdarı olmaqla yanaşı ordu quruculuğuna böyük diqqət yetirir, münaqişənin sülh yolu ilə həll olunmayacağı təqdirdə hərb variantının da tətbiq ediləcəyini xəbərdar edirdi. Və sonda belə də oldu. Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərini azad edərək erməni işğalına son qoydu. Azərbaycan 27 il icra olunmayan BMT qətnamələrini özü icra etdi. 44 günlük Vətən müharibəsində tarixi Zəfərin məntiqi davamı olaraq 19-20 sentyabr tarixlərində lokal antiterror tədbirləri həyata keçirməklə ölkəmizin suverenliyini tam bərpa etdik. Artıq bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır və azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam edir”, - deyə deputat əlavə edib.
O qeyd edib ki, bu gün əlli günahsız azərbaycanlıların qanına batmış terrorçular bir-bir tutularaq Bakıya gətirilir.
“Onlar və hələ də gizlənən terrorçuların hamısı tutulub Bakıya gətiriləcək və xalqımıza qarşı törətdikləri cinayətlərə görə cavab verəcəklər”, - deyə Afət Həsənova əlavə edib.