...

Qürurverici haldır ki, artıq torpaqlarımızın işğaldan azad olunması günlərini qeyd edirik - Deputat

Siyasət Materials 4 Oktyabr 2023 09:56 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çox qürurverici haldır ki, biz artıq torpaqlarımızın işğaldan azad olunması günlərini qeyd edirik. Bu gün xalqımız 4 oktyabrı Cəbrayıl şəhəri günü kimi qeyd edir. 27 il işğal altında qalan Cəbrayıl bu gün azaddır. 44 günlük Vətən müharibəsində tarixi zəfər nəticəsində doğma Cəbrayılımız işğaldan azad edildi və uzun illər Vətən həsrəti ilə yaşayan Cəbrayıl sakinlərinin bu həsrətinə son qoyuldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova xatırladıb ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

“İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal dövründə Cəbrayıl rayonu erməni vandalizminə məruz qalıb, rayonun bütün infrastrukturu, o cümlədən, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, yollar erməni vandalları tərəfindən dağıdılıb. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib”, - deyə deputat əlavə edib.

A.Həsənova qeyd edib ki, I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub.

“Cəbrayılın işğalı zamanı ermənilər, eyni zamanda, rayonun təbii sərvətlərini talan edib. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğal dövründə ermənilər bu təbii sərvətləri talayaraq, Azərbaycana böyük maddi zərbə vurublar”, - deyə deputat qeyd edib.

O bildirib ki, işğaldan azad edildikdən sonra Cəbrayıl rayonunda geniş bərpa və quruculuq işlərinə start verilib.

“Bu gün Cəbrayıl rayonu sürətlə bərpa olunur və rayonda iri layihələr həyata keçirilir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Eyni zamanda, Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Azərbaycan dövləti Cəbrayıl sakinlərinin öz doğma yurdlarına qayıdıb rahat və təhlükəsiz yaşaması üçün bütün lazımi şəraiti yaradır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Cəbrayıl rayonunun düşmən tapdağından xilas edilməsindən üç il ötür. Bu il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti