...

Beynəlxalq cinayətlərin təqibində heç bir müddət tətbiq olunmur

Siyasət Materials 25 Oktyabr 2023 15:08 (UTC +04:00)

Bakı. Trend:

Post-münaqışə dövründə ədalət mühakiməsinin həyata keçirilməsi davamlı sülhün və qarşılıqlı etimadın təmin olunması üçün başlıca şərtlərdən biridir. İnsan hüquqlarının ən ağır pozuntularından olan beynəlxalq cinayətlər – soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə münasibətdə “unutqanlıq qanununun” tətbiqini, başqa sözlərlə cəzasızlığı, beynəlxalq hüquq qətiyyətlə rədd edir, çünki öz çirkin mahiyyətinə, ağırlıq dərəcəsinə qörə bu əməllər ümumiyyətlə bəşəriyyətin ən ali dəyərlərini sarsıdır və bu cür əməllərin təqibində bütövlükdə beynəlxalq birliyin ciddi hüquqi marağı var.

Bu mənada, Azərbaycan məhkəmələri tərəfindən müharibə canilərinə qarşı həyata keçirilən proseslər beynəlxalq miqyasda qəbul edilən bütün standartlara uyğun olaraq aparılır və həmin standartları daxili qanunvericilik və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq müqavilələr nəzərdə tutur. Xüsusi əhəmiyyət kəsb edən bir mühüm hüquqi məqam ondan ibarətdir ki, soyqırımı, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlətinə görə heç bir müddət tətbiq olunmur.

Birləşmiş Millətlər Təşkilatı 26 noyabr 1968-ci il tarixində “Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə müddətlərin tətbiq edilməməsi haqqında” Konvensiya qəbul edərək, beynəlxalq cinayətləri törədənlərin məsuliyyətini qaçılmaz etmişdir və Azərbaycan Respublikası həmin konvensiyaya 16 avqust 1996-cı ildə qoşularaq müvafiq öhdəlikləri Cinayət Məcəlləsinin 75-ci maddəsində (müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) implementasiya etmişdir. 75.5-ci maddəyə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

Digər mühüm hüquqi məqam 5 dekabr 2006-cı ildə “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun qəbul edilməsi ilə bağlıdır. Qanunun Preambulasında qeyd edildiyi kimi, həmin akt sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan cinayət qanunvericiliyi normalarının tətbiqini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının və "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədilə qəbul ediilmişdir.

Konstitusiya qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

Nəzərə almaq lazımdır ki, “İnsan hüquqları və əsas azadlıqlarının qorunması haqqında” Avropa konvensiyasının 7-ci maddəsidə əksini tapan cinayət hüququnun ən mühüm prinsiplərindən biri təsbit edilərək, nəzərdə tutulur ki, heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Bu prinsipdən yeganə istisna beynəlxalq cinayətlərə - soyqırımı, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlərinə şamıl edilir.

Həmin 7-ci maddənin ikinci hissəsində nəzərdə tutulur ki, bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur. Eyni yanaşma 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda da mövcuddur.

Avropa Konvensiyasında fərqli olaraq Paktın 15-ci maddəsinin ikinci hissəsində “sivil ölkələrin tanıdığı əsas hüquq prinsipləri” sözlərinin əvəzinə “beynəlxalq birlik tərəfindən tanınan ümumi hüquq prinsipləri” ifadəsi istifadə edilir və mahiyyətcə bu ümumi yanaşmaya heç bir təsir göstərmir.

Nizami Səfərov

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Xəbər lenti

Xəbər lenti