...

Tacikistan Prezidenti “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub (FOTO)

Siyasət Materials 24 Noyabr 2023 11:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 24-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ali qonağa sərgi barədə məlumat verib. Bildirilib ki, SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Tacikistan Prezidenti sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal edilən məhsullarla tanış olub. Qeyd edilib ki, burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur.

Məlumat verilib ki, burada Müdafiə Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair olmaqla, 88 adda müdafiə təyinatlı məmulat sərgilənir. Əvvəlki sərgilərdən fərqli olaraq, bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim edilir.

Daha sonra Tacikistan Prezidenti Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın milli stendləri ilə tanış olub.

Sonda ali qonaq fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti