Bakı. Trend:
24 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə səfərdə olan Körfəz
Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında
görüş keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş
zamanı Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində
duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri
müzakirə olunub.
Bununla yanaşı, KƏŞ-in vir sıra regional fotmatlarında, xüsusilə də Orta Asiya ölkələri ilə əməkdaşlıq mexanizmlərində ölkəmizin iştirakının və proseslərə yaxından cəlb olunmasının əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov bu xüsusda ölkəmizin sədrliyi altında BMT
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün xüsusi proqramının
(SPECA) Bakı həftəsi və Sammitinin və əldə olunmuş razılaşmaların
bölgədə əməkdaşlığa əlavə təkan verəcəyini bildirib.
Azərbaycanın KƏŞ-ə üzv dövlətlərlə tarixi dostluq, qarşılıqlı
hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərin
mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, bu münasibətlərin
KƏŞ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyini
qeyd edib.
KƏŞ ölkələri ilə iqtisadi, enerji, nəqliyyat, turizm, təhsil və
digər sahələrdə birgə layihələrin cari vəziyyəti və perspektivləri
qeyd olunub, sərmayələr sahəsində əməkdaşlığın daha da inkişaf
etdirilməsi, birgə iqtisadi forumların keçirilməsi istiqamətində
mövcud potensialdan istifadənin zəruri olduğu diqqətə
çatdırılıb.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki vəziyyət,
sülh perspektivləri barədə qarşı tərəfə məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.