Bakı. Trend:
Növbədənkənar prezident seçkiləri Azərbaycanın yeni tarixi dönəminin başlanğıc nöqtələrindən biri olacaq.
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Prezident İlham Əliyev 2018-ci ildə prezident seçildikdən sonra Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirdi. Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Prezident seçildikdən cəmi iki il sonra - 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı.
İstənilən dövlətin ərazi bütövlüyü onun real və tam müstəqilliyi və suverenliyinin göstəricisidir. Artıq Azərbaycan dövlətinə təsir göstərə biləcək hər hansı bir amil yoxdur”, - deyə A.Qarayev əlavə edib.
A.Qarayev qeyd edib ki, artıq ölkə qarşısında yeni çağırışlar, yeni hədəflər dayanır.
"İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər, lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızdan silahlı separatizmin kökünün kəsilməsi və ölkənin bütün əraziləri üzərində suveren hüquqlarımızın tam bərpa edilməsi Cənubi Qafqaz regionu ilə yanaşı, Azərbaycandakı reallıqları da dəyişib. Biz çox önəmli bir mərhələni adlayaraq, Azərbaycan xalqının və dövlətinin qarşısında yeni üfüqlər açan tarixi bir dövrə qədəm qoymuşuq.”, - deyə A.Qarayev əlavə edib.
A.Qarayev bildirib ki, 2024-cü ilin fevralın 7-də keçiriləcək prezident seçkilərinin əsas əlamətdar xüsusiyyəti də ondan ibarətdir ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Gələn il keçirilməsi nəzərdə tutulan seçkilər də Azərbaycanın yaratdığı reallıqların təsbiti olacaq.
“İndiki reallıqlar fonunda da inkişaf üçün mühüm qərarların qəbul edilməsinə, yeni bir siyasi, iqtisadi strateji inkişaf proqramının həyata keçirilməsinə zəmin yaranıb. Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı, inamı sonsuzdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, tarixi zəfərlərin təməlində də xalq-Prezident birliyi dayanır. Əminəm ki, bu seçkilərdə də biz bu etimadın, inamın, birliyin şahidi olacağıq”.